Pakistanda 27 Sentyabr - Anım Günü münasibətilə konfrans keçirilib

Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü münasibətilə Pakistanın nüfuzlu ali təhsil ocaqlarından olan Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində konfrans təşkil edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Pakistandakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə universitetin müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnləri səsləndirilib və Anım Günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Səfir Xəzər Fərhadov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu son qoyub. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini, lakin həmin qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını xatırladan səfir qeyd edib ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Nəticədə Azərbaycan 44 gün davam edən Vətən müharibəsində nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail olub, həm də bütün regionda yeni siyasi reallıqlar yaradıb. Diplomat, həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcək.

Sonra Müasir Dillər Universitetinin icraçı direktoru Şahzad Munirin və xarici dillər fakültəsinin dekanı, professor Cəmil Əsgər Caminin çıxışları dinlənilib. Qeyd olunub ki, Azərbaycanın Ordusunun Zəfər yürüşü bölgədə davamlı sülhə və təhlükəsizliyə əvəzsiz töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə