Roma Papası Livan üçün çağırış etdi

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk beynəlxalq ictimaiyyəti Livanda artan gərginliyi dayandırmağa çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Vatikanın məşhur Müqəddəs Pyotr meydanında çərşənbə günləri keçirilən ənənəvi qəbul iclasında çıxış edən Papa İsrailin hava hücumları təşkil etdiyi Livana toxunub.

Papa Fransisk deyib: "Son günlər intensiv bombardmanlar altında çoxlu itki və dağıntıların yaşandığı Livandan gələn xəbər məni çox kədərləndirdi. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu dəhşətli eskalasiyanı dayandırmaq üçün əlindən gələni edəcək. Bu, qəbuledilməzdir".

Qeyd edək ki, İsrail ordusu sentyabrın 23-ü səhər saatlarında Livana hava zərbəsi endirib. Livanın Səhiyyə Nazirliyi indiyədək 550-dən çox insanın öldüyünü açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə