“YAŞAT” Fondunun Londondakı yay məktəbi davam edir - FOTOLAR

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan ikinci “YAŞAT” yay məktəbi davam edir. Fondun mətbuat xidmətindən SİA-ya bildirilib ki, əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, onların mədəniyyət mübadiləsində aktiv iştirakını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

İyulun 13-dən başlanan və 27-dək davam edəcək yay məktəbi London Universitet Kollecində keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərindən sonra şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edirlər.

Ekskursiya Trafalqar meydanı ilə başlayıb, “Chinatown”la davam edib. İştirakçılar şəhərin tarixi məkanı olan və XI əsrdə inşa edilmiş London qalasını ziyarət ediblər. Eyni zamanda, Temza çayının üzərində salınmış Tauer körpüsü boyunca gəzintiyə çıxıblar.

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə