Valideyn hansı halda aliment ödəməyə bilər? - HÜQUQİ İZAH

“Alimentin verilməsi heç bir halda dayandırıla bilməz. Yalnız tələbkarın bundan imtina barədə ərizəsi olduqda və yaxud aliment məbləği əvəzləndikdə dayandırıla bilər. Tücrübədə belə hallara rast gəlinir. Yəni kiminsə hansısa əmlakı var, belə razılığa gəlir ki, aliment ödəməyəcək, amma həmin əmlakı uşaq üçün saxlayır, onun adına keçirir və ya keçirəcək. Belə olan halda tərəflər aliment ödəməkdən azad olurlar. Digər hallarda isə aliment ödənilməsi mütləqdir”. Bu sözləri SİA-ya danışan vəkil Ruslan Vəliyev deyib.

Vəkil sözlərinə davam edərək bildirib ki, valideynin əlilliyə görə müavinət alması da onu aliment ödəməkdən xilas etmir: “Valideyn əlil olsa belə aldığı müavinətdən, əlilliyə görə təyin olunan məbləğdən aliment ödəməlidir. 1998-ci ildə “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub və ondan qabaq da BMT-nin uşaq hüquqları haqqında konvensiyası var”.

“Hər iki qanunvericilik aktlarında göstərir ki, uşaq hüquqları ilə digər hüquqlar, o cümlədən, valideynlərin hüquqları ziddiyyət təşkil edərsə, uşaq hüquqları üstün tutulur. Uşağın əgər yemək vaxtıdırsa, o saxlanılmalıdırsa, aliment mütləq olmalıdır. Bu, valideynin işləyib-işləməməsinə, əlil olub-olmamasına baxmır. Bunun başqa yolu yoxdur”,- deyə vəkil sözlərinə əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə