"İnamı olmayan cəmiyyət fəlakətə gedər" - MÖVQE BİLDİRİLDİ

“Filmlərdə, tamaşalarda və ümumiyyətlə sənət sahələrində milli mənəvi dəyərlər, əxlaq normaları və tərbiyyə təbliğ olunmalıdır. Sənət sahəsində bir əsər ortaya qoyulanda təbii ki, cəmiyyətin gözləntiləri nəzərə alınmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, insanlar filmlər və tamaşalardan özünə nəsə götürə bilməlidir: “Təbii ki, səhnəyə qoyulan hər bir əsər, həm də şüuraltı təbliğata xidmət edir. Belə olan halda sağlam düşüncəli cəmiyyətin formalaşmasında sənətin rolunun olduğunu xüsusilə qeyd edə bilərik. Biz bu gün sovetlər dövründə çəkilmiş filmlərə, tamaşalara yaşından asılı olmayaraq, hamılıqla dəfələrlə baxırıq. Amma son illərdə çəkilmiş seriallar və filmlərə əsasən baxılmır. Çünki səhnəyə qoyulan əsərin mənasını heç o rolları oynayanlar da başa düşmürlər.

“Din sənət sahələrinə müdaxilə etməlidir, ya yox?” məsələsinə isə münasibətim birmənalı şəkildə “yoxdur”. Konstitusiyamızda da dinin dövlətdən ayrı olduğunu qeyd olunur. Təbii ki, Allaha inam hamıda olmalıdır. İnamı olmayan cəmiyyət fəlakətə gedər. Hər bir insan bir iş görəndə, o cümlədən səhnələrdə müəyyən əsərləri qoyanda qəlbində Allaha inamını yaddan çıxartmamlıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə