"Ailənin düzgün təməllər üzərində qurulması həyat yoldaşı seçimindən birbaşa asılıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan cəmiyyətində həyat yoldaşı seçimi ilə bağlı əsasən iki fərqli yanaşma özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, birinci, gənclərin öz seçimidir: "İkinci, valideynlərin tövsiyəsi ilə olunan seçimlərdir. Valideynlərin övladlarına həyat yoldaşı seçimində etdiyi tövsiyələr, eyni zamanda gənclərin seçimlərindəki motivasiyaları dəyərləndirsək, fərqləri görə bilirik. Gənclərin davranışlarını daha çox emosional qiymətləndirsək, zahiri görünüş, xarakter uyğunluğu məsələləri daha öndə olur. Eyni zamanda böyük qisim gənclik də əxlaqi məsələlərə də dəyər verir. Valideynlərin seçimlərində isə Azərbaycan cəmiyyətində ənənəvi olaraq həyat yoldaşının hansı nəsilə mənsub olması önə çəkilir. Bu seçim öncədən olan tanışlıqlar əsasında formalaşır. Son dövrlərdə apardığımız müşahidələr göstərir ki, artıq valideynlər arasında da övladlarının həyat yoldaşı seçimini müəyyənləşdirməkdə motivasiyaları dəyişikliyə uğrayıb. Maddiyyat məsələsi artıq müşahidə olunur. Valideynlər övladlarına həyat yoldaşı seçimində həm də imkanlı ailələrlə qohumluq əlaqəsi yaratmaqda maraqlı olublar.

Tamamilə o fikirdə deyilik ki, bütün valideynlər belə düşünür. Amma valideynlər arasında bu cür düşünənlər də müşahidə olunur. Həyat yoldaşı seçimində gənclər ancaq maddiyyat məsələsinə önəm verməməlidirlər. Bu da təsirli amillərdəndir. Amma həlledici deyil. Uğurlu həyat yoldaşı seçimi məsələsində əsas həlledici amil cütlüklərin xarakter etibarilə sosial-psixoloji baxımdan uyğunluğudur. Bu olmadıqca gələcəkdə heç bir maddiyyat ailəni möhkəm təməllər üzərində şərtləndirə bilməz.
Düşünürəm ki, valideynlər övladlarının həyat yoldaşı seçimi məsələsinə kəskin müdaxilə etməməlidirlər. Sadəcə öz xoş niyyətli, düşünülmüş tövsiyələrini verməlidirlər ki, övladlarının yanlış qərarı varsa, onu zamanında ailə qurulmadan öncə izah edə bilsinlər. Gələcəkdə o ailənin daha möhkəm təməllər üzərində qurulmasına töhfələrini verməlidirlər".

"Ailənin isə daha düzgün təməllər üzərində qurulması həyat yoldaşı seçimindən birbaşa asılıdır. Həyat yoldaşı seçimi doğru deyilsə, istər maddi, istər sosial-psixoloji amillər gələcəkdə o ailənin möhkəmliyini şübhə altına alacaq. Ailədə narazılıqlar yaranacaq, ailədaxili münaqişələr çıxacaq. Daha kəskin mənfi nəticələrini görə bilərik. Bütün bunların baş verməməsi üçün həyat yoldaşı seçimi məsələsində birtərəfli baxış ola bilməz. Yalnız maddiyyatın əsas götürülməsi də fəsadlara yol aça bilər, yalnız əxlaqi yüksək səviyyədədir, amma cütlüklər arasında sosial-psixoloji baxımdan fərqliliklər varsa, bu da doğru yol deyil. Yekun olaraq, bu məsələyə kompleks yanaşma olmalıdır. Valideynlərin övladlarına dəyərli tövsiyələr verməsi onların borcudur. Amma kəskin müdaxilə etməyə qarşıyam. Çünki gənclərin də seçim hüquqları var. Ola bilər ki, valideyn dünyagörüşü baxımından məsələni düzgün qiymətləndirə bilmir. Bəlkə, yenilikləri qəbul edə bilmir. Orta yolu tapmaq lazımdır. İki tərəfin də fikirlərinə hörmətlə yanaşmaq lazımdır.

Müasir dövrdə virtual imkanlar yaranıb. Sürətli inkişaf bütün cəmiyyət, həm də gənclər üçün yeni sosial inkişaf platformalarını ortaya çıxarıb. Müşahidələr göstərir ki, internet üzərindən gənclər bir-biri ilə tanış olurlar, sonda evlənmək qərarına gəlirlər. Bu tendensiya da müasir dövrdə Azərbaycan cəmiyyətində müşahidə olunur. Bunun da müsbət tərəfləri var, eyni zamanda təsadüfi tanışlıqların mənfi tərəfləri də ola bilir.

Bunlar geniş sosioloji araşdırmaların mövzusudur. Hələlik bununla bağlı konkret sosioloji tədqiqat nəticələri olmadığı üçün qəti fikir söyləyə bilmirik" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə