Beynəlxalq Muğam Mərkəzində “Umud çiçəkləri” konsert-sərgisi keçirilib

Beynəlxalq Muğam Mərkəzində “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimin sinfinin təqdimatında şair-rəssam Adil Mirseyidin xatirəsinə həsr olunmuş “Umud çiçəkləri” adlı konsert-sərgi keçirilib. SİA xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd müasir Azərbaycan bəstəkarlığının inkişaf göstəricilərinin ictimaiyyətə tanıdılması, həmçinin şair-rəssam Adil Mirseyidin həyat və yaradıcılığının, onun ədəbi dünyasının musiqi sənəti ilə təsviridir.

Tədbirin əvvəlində şair-rəssam Adil Mirseyidin rəsm əsərləri sərgilənib.

Konsert-sərgidə professor Aydın Əzimin “Bismillah”, “Axarsu”, “Ana dilim” və tələbələri – Türkər Qasımzadədən Adil Mirseyidin sözlərinə iki nəğmə, Azər Hacıəsgərlinin “Bəyaz güldan”, “Mən yoxam”, Aysel Əzizovanın “Rübailər”, Natiq Muradxanlının “Çahargah”, “Şur”, Rüzgar Əhmədzadənin nəfəsli kvintet üçün “Bitiq”, Rəbiyə İmanquliyevanın “Röyalar içində”, Röya Hüseynovanın “Masalların masalı”, Sara Dilrubanın violonçel üçün 2 hissəli sonata və Ülkər Aşurbəylinin “Çərpələng”, “Polifonik dəftər”, “Sorma bu dünyanın harasındayam” adlı musiqi əsərləri ifa olunub. Tədbirdə həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Şəms Qəmər” kamera xorunun təqdimatında müxtəlif musiqi nümunələri təqdim olunub.

Qeyd edək ki, konsertdə tanınmış musiqiçilər Elnarə Xəlilova, Nicat Aslanov, Vurğun Vəkilov, Atabala Manafzadə, Humay Qasımzadə, Leyla Həmid Əhmədxan və dirijor Xanımana Məmmədzadə iştirak ediblər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə