Binalarda reklam qadağası müsbət, yoxsa mənfi haldır? - QURUM RƏSMİSİ AÇIQLADI

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilməsi haqqında qərar qüvvəyə minib.
Bakı şəhəri ərazisində tarixi, mədəni, memari dəyərə malik binaların çoxluğu, müasir estetik görüntü və təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, layihənin ilkin olaraq paytaxtda tətbiqi qərara alınıb”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq ADRA-nın mətbuat katibi Hüseyn Azəri deyib.

Onun sözlərinə görə, sahibkarların fəaliyyətində çətinliklər yaranmasın deyə qərarın icrasına yaxın günlərdə mərhələli şəkildə başlanılacaq: “Qərara əsasən, reklam qurğularının binanın fasadının tinlərində, memarlıq detallarında, memorial lövhələrə, həmçinin memarlıq abidələrinin məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə yerləşdirilməsinə, reklamın binanın fasadında dekorativ-bədii və mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə, reklam qurğusunun eyvanlarda, məhəccərlər və hasarlar istisna olmaqla, digər çəpərləyici qurğularda yerləşdirilməsinə icazə verilməyəcək. Sahibkarlar nəzərə almalıdırlar ki, memarlıq abidələrində eyni obyektə aid 1-dən çox fasad reklamına, eləcə də abidələrin üzərində kronşteyn panel qurğusunun yerləşdirilməsi də qərarla qadağan edilir. Binanın üzərində eyni zamanda bir neçə fasad reklamı yerləşdirildikdə, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük səviyyəsində olmalıdır.

Yuxarıda qeyd edilən və tam mətni Azərbaycan Respublikasının Nazırlər Kabinetinin 499 nömrəli qərarında qeyd olunan bu layihəni Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək üçün beynəlxalq təcrübədən yararlanaraq hazırlayıb aidiyyatı üzrə təqdim etmişdi. Fasad reklamlarının standartlarını müəyyənləşdirən layihəyə Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, memar və dizaynerlər, ö cümlədən reklamçılar cəlb edilmişdi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə