"Qəhrəman ana"lar yoxa çıxır - ARAŞDIRMA

İndi Azərbaycanda 5, 7, 12 uşaqlı ailə görəndə təəccüblənirik. Lakin vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə ön sıralarda olub. İndi isə hər bir Azərbaycan ailəsində maksimum 3 uşaq var. Bəs çoxuşaqlı ailədən azuşaqlıya keçid ailə dəyərlərinə təsir edirmi? Ümumiyyətlə, uşaqların tərbiyəsində rol oynayırmı? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir. Müasir dövrdə uşaq böyütmək, hərtərəfli təhsil vermək, gələcəyini təmin etmək çətindir. Belə olduqda əksər ailələr bir uşaqla kifayətlənir. Bu gün Azərbaycanda ailə strukturu uşaqların sayı baxımından tamamilə fərqlidir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur. Müasir ailə modelində ailə quranların fərdi seçimi üstün meylə çevrilib. Ailə qurmaq və boşanmaqla bağlı seçimlər də fərdi verilir.

Sosioloq Aynur Hacıyeva isə deyir ki, çoxuşaqlılıqdan azuşaqlılığa keçid sosioloji problemlər yaradır: “Əvvəlki ailələrdə bir uşaq dünyaya gələndə artıq digər uşaqlar böyümək üzrə olurdu. Uşaqlar bir-birilə ünsiyyət qurur, qidasını, oyuncağını, paltarını paylaşırdı. Yeni doğulan uşaq da doğulduğu zaman bu vərdişləri görüb, çətinlik çəkmədən onlara yiyələnirdi. Lakin indi doğulan uşaqların ailədə ünsiyyət problemləri olur. Valideynlər işləyir, onlara vaxt ayıra bilmir, məktəb, bağça vaxtında isə şikayət edirlər ki, uşaqlar sosiallaşa bilmir. Azuşaqlı ailələrdə adaptasiya və ünsiyyət problemi olur. Azuşaqlı ailə gələcəkdə qohumluq əlaqələrinin pozulmasına gətirib çıxarır. Təbii ki, keçmişdə də valideynlər işləyirdi. Lakin valideynlər işdə olanda ailənin yaşca böyük övladları onları əvəz edirdi. Onlar digər körpə bacı-qardaşlarına nəzarət edirdilər. İndi isə vəziyyət dəyişib. Ailələrdə bir, ya da iki uşaq olur. Onlar özləri də körpə olduqları üçün özlərinə nəzarət edə bilmirlər. Məcburən hansısa dayənin nəzarətində tək böyüməli olurlar. Gələcəkdə onların qohumluq əlaqələri də zəifləyir. Xala, dayı, əmi, bibi ya olmur, ya da ikisindən biri olur. Keçmişdə hər hansı bir problem yaşandıqda köməyə qohumlar çatırdı. Xala, bibi, dayı olmadığı üçün gələcəkdə uşaqlara dəstək olacaq qohumlar da olmayacaq”.

Heç kim qəhrəman olmaq istəmir…

Sovet dövründə “çoxuşaqlı ailə” məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. SSRİ-də “Qəhrəman ana” medalı da vardı ki, bu medal 10 və daha çox övladı olan qadınlar üçün 1944-cü ildə təsis edilmişdi. Məqsəd isə əhalinin sayının azalmasının, artımın aşağı düşməsinin qarşısını almaq idi. Bu gün ölkəmizdə 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanına görə, 2014-cü ilin əvvəlindən yeni sosial təminat növünün- 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin verilməsinə başlanılıb. Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən digər bir çox sosial ödənişlər kimi, 5-dən çox uşağı olan qadınların hər uşağına görə aylıq müavinət də 33 manatdan 55 manata çatdırılıb. Yəni, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 330 manat, 7 uşaq varsa 385 manat verilir.

Rəqəmlər isə onu deməyə əsas verir ki, bugünkü Azərbaycan qadınlarının 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir. Orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Lakin bu faktları şərh edərkən nəzərə almaq vacibdir ki, bir çox anaların yalnız bir övladı var. Üstəlik, dünyaya uşaq gətirmək yaşında olan qadınların bir çoxu hələlik ana deyil.

Ailədə uşaq təkdirsə həm xoşbəxtdir, həm bədbəxt...

Tək uşaq olmanın həm üstünlükləri, həm də mənfi cəhətləri mövcuddur. Mütəxəssislər hesab edirlər ki, tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşaya bilmədiyi üçün akademik olaraq daha müvəffəqiyyətli ola bilər. Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə ailələrinə qarşı bəzi mövzularda birlikdə mübarizə verə biləcəkləri bacı-qardaş əskikliyini hiss edə bilərlər. Lakin ümumilikdə tək uşaq bacı-qardaşı olan uşaqlara nisbətən çox da fərqli deyil. Əslində uşağın tək uşaq olmasından çox, necə böyüdüldüyü əhəmiyyətlidir. Bir bacı və ya qardaşın olmasından çox, ananın böyütmə təcrübəsi, uşağın qəbul etməsi, rədd etməsi, sözə qulaq asması və ya asmaması və ona qarşı səbirli olub-olmaması uşağın ruhi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur.

Ekspertlər isə hesab edir ki, hazırda ailələrdə uşaq sayının az olmasının əsas səbəblərindən biri boşanma hallarının çoxalmasıdır. Bu hal isə bir növ ailələrin sığortalanmamağından irəli gəlir. Elə olur ki, bəzi ailələr təsadüf nəticəsində qurulur. 15 gün tanıdığı biri ilə ailə qurmaq qərarına gələnlər var. Nəticədə evlilik daxilində problemlər yaranır və tərəflər boşanmağa qərar verirlər. Bu isə son nəticədə doğulan uşaqların sayına təsir göstərir. Əslində demoqrafik təhlükə hər zaman gözlənilir. Əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrin sayı kifayət qədər idi. Azuşaqlı ailələr demək olar ki, tək-tük idi. İndi isə bu əksinədir. Ailələr bir, ən yaxşı halda iki uşaqla kifayətlənirlər. Artıq üçuşaqlı ailələri çoxuşaqlı ailə kimi qəbul edirik. Bu mənada demoqrafik risklər mövcuddur. Problemin həllim üçün ailə modelinin üzərində işləmək lazımdır. Ailə davamlı olmalıdır ki, dünyaya gələn uşaqlar da bir növ sığortalanmış olsun. Doğulan uşaqların sayının azalmasının digər bir səbəbi isə sosial rifahla bağlıdır. Ailələrin sosial təminatı nə qədər güclü olarsa, çoxuşaqlı ailələrin sayı bir o qədər artar.

İnsanlar daim pul qazanmalıdır

Psixoloqlar bildirir ki, ailədə iki və daha artıq uşağın olması uşaqların gələcəkdə özgüvənlərinin yüksək olmasına təsir edir. Çünki bacı, qardaş bir-birinə mənəvi dayaqdır. Lakin çoxuşaqlı deyil, bir və ikiuşaqlı ailələrin sayı artır. Təkuşaqlı ailələrdə uşağın eqoistlik və özünəqapanma problemləri olur. Amma bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. İnsanlar daim işləməli və pul qazanmalıdırlar. Ana da, ata da çalışmalıdır. Bunu nəzərə alan valideynlərimiz bir, maksimum iki uşağa üstünlük verirlər. Burada valideynləri qınamaq da olmaz. Amma bəzən də 2-3 uşaq saxlamağa imkanı olan valideynlər bundan imtina edir, tək uşaqla kifayətlənirlər.

Dünya ölkələri əhalisinin sayını artırmağa çalışır

Rusiya, Ukrayna, Fransa, İsveç, Finlandiya, Çexiya kimi ölkələrdə çoxuşaqlı ailələrə təminatlarla bağlı müvafiq qanunlar qəbul olunub, ailələri daha çox uşaq dünyaya gətirməyə təşviq edirlər. Fransada 1921-ci ildən bəri “Böyük ailə“ adlı dövlət proqramı həyata keçirilir. Uşaqların yaşı 20-dən azdırsa və qeydiyyatdan keçmiş vergi ödəyicisisinizsə, uşaqlı ailə müavinətləri və imtiyazları mövcuddur. Birdəfəlik müavinətlər ilk doğuşdan başlayır və əkiz və ya üçəm uşaq dünyaya gətirsəniz belə, hər uşaq üçün ayrılıqda birdəfəlik 950 avro ödənilir. Əgər övladlığa götürürsünüzsə, bu ödəniş 1900 avroya qədər artır. Ancaq uzunmüddətli uşaq müavinəti yalnız iki uşağınız olarsa verilir. Yəni cəmi bir uşağınız varsa, üç yaşına kimi gəlirdən asılı olaraq 92 və ya 184 avro verilir. Amma ailə tərkibinizi artırmaq niyyətinə düşsəniz dövlət sizə hər ay uşaqlara görə dəstək göstərəcək.

Rusiyada hamilə kimi qeydiyyata düşən qadına hamiləliyin 6-cı həftəsindən doğuşadək aylıq 6.350 rubl (140 AZN) pul ödənilir. Doğandan sonra uşaq 3 yaşına çatanadək ayda 11.300 rubl (250 AZN), 3-dən 7 yaşına kimi hər ay 8.475 rubl (187 AZN), 16 yaşına kimi isə ayda 5.650 rubl (125 AZN) uşaqpulu ödənilir. Bundan əlavə doğulan hər vətəndaşı üçün dövlət 450. 000 rubl (10.000 AZN) dəyərində sertifikat verir, bu məbləği valideyn əmlaka yatıra bilər, ipoteka ilə ev alanda ilkin ödəniş kimi verə bilər. 3-cü uşaq üçün isə torpaq sahəsi və yaxud ev verilir. Uşaqların 1 yaşına kimi əlavə qidası, bezi, meyvə püreləri, südü hər ay dövlət tərəfindən verilir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə