"Bu kədər hər an bizimlə yaşayır" - XOCALI ŞAHİDİ İLƏ MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının Xocalı Təşkilatının sədri, Xocalının canlı şahidi Vahid Əliyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Həmin dəhşətli gecəni necə xatırlayırsınız?

- Xocalıdan olan bir insan kimi yaşanılan o faciə mənim üçün də olduqca ağırdır. Xocalı 1988-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi kimi mənfur siyasətə başlanılandan sonra çox ağır günlər yaşamaq məcburiyyətində qaldı. Xocalı elə bir coğrafi şəraitdə yerləşirdi ki, Xankəndidən vilayətin digər rayonlarına gedən bütün avtomobil yolları, eyni zamanda da, yeganə hava limanı orada idi. Demək olar ki, Dağlıq Qarabağda yaşayan erməni separatçılarının azad hərəkətinə maneə rolunu oynayan yaşayış məntəqələrindən ən müstəsna əhəmiyyət kəsb edən Xocalı idi. Hələ 1988-ci ilin sentyabrın 18-də Xocalıya ilk dəfə hücum etmişdilər ki, bu maneəni aradan götürsünlər. Amma buna nail ola bilməmişdilər. Ermənilər birbaşa Xankəndidən Xocalıya hücuma keçmişdi. Xocalının azsaylı əhalisinin mərdliyi və qətiyyəti sayəsində hücum dəf olunmuş və lazımi cavab verilmişdi. Ona görə də ermənilərin Xocalıya qarşı münasibətləri olduqca kəskin idi.

- Xocalılı günlərinizdən danışmağınızı istərdim. Xocalı nə zamandan mühasirəyə alındı?

- Xocalı faciəsi bir anda baş vermiş hadisə deyil. Böyük Ermənistan yaratmaq xülyasının tərkib hissələrindən biri idi ki, zaman-zaman ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə müharibələr aparmışdı. Havadarlarının köməyi ilə müəyyən mənada istəklərinə nail olmuşdular. Azərbaycan torpaqları hesabına özlərinə qondarma da olsa, dövlət qura bilmişdilər. Amma bu xülyalar onlarda sonralar da davam etdi. Digər tərəfdən də Qarabağ probleminə ikili yanaşma mövcud idi. Beynəlxalq aləmdə SSRİ-nin köçürülməsi ilə bağlı planlar var idi. Dağlıq Qarabağ da keçmiş SSRİ məkanında ən münbit yaşayış məntəqələrindən biri idi. SSRİ-ni də elə Qarabağa köçürmək istəyirdilər. Bir deyil, bir neçə maraqlar Qarabağ probleminin, o cümlədən Xocalı soyqırımının üzərində fokuslandırılmışdı. Hadisələrin gedişatını təhlil edəndə görürük ki, bu milli ədavət o qədər dərinləşdirilməli idi ki, o millətlərin birgə yaşayışının mümkün olmaması fikri reallaşdırılsın. Hələ 1987-ci ilin ikinci yarısından Ulu Öndər Heydər Əliyev siyasi bürodan uzaqlaşdırıldıqdan dərhal sonra xüsusi hazırlanmış insanlar kənardan Dağlıq Qarabağa göndərilmişdi ki, bu insanlarda milli ədavətin qızışdırılması istiqamətində fəal işlər aparsın. Plan əvvəlcədən hazırlanmışdı və mərhələli şəkildə proseslərin ardıcıllığı müəyyənləşdirilmişdi. Yəni, Xocalı faciəsi məqsədli və düşünülmüş şəkildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır.

- Yaxınlarınız arasında əsir və itkin düşən olub?

- Xocalı xırda bir bölgədir və orada hər kəs bir-biri ilə doğmalaşmış, qardaşlaşmışdı. Bu faciədə insanın öz doğmasının itirilib-itirilməməsi önəmli deyil. Hər bir qətlə yetirilən, işgəncəyə məruz qalan, girov götürülən sakin elə bizim doğmamızdır.

- Xocalı sakinlərindən kimlərləsə əlaqəniz varmı?

- Mənim həyatım elə o faciəni yaşamış insanlarla birgə keçib. 1993-cü ildən 2022-ci il yanvar ayının 31-nə kimi Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavini işləmişəm. Gündəlik fəaliyyətimdə həmin insanlarla təmas halında olmuşam. Xocalı soyqırımı zamanı da Ağdamdakı Prezident Müvəkkilliyində işləyirdim. Prezident Administrasiyası, Nazirlər Kabineti, Bakı şəhərinin mərkəzi icra orqanları, Daxili İşlər Nazirliyi ilə Xocalı arasında əlaqə yaradan demək olar ki, yeganə şəxs mən olmuşam. Orada gedən prosesləri öyrənir və qurumlara çatdırırdım.

- Xocalı faciəsinin 31-ci ildönümündə deyə bilərikmi Vətən müharibəsində qələbəmiz Xocalı qurbanlarının ruhunu şad edib?

- Əlbəttə. Yalnız Xocalı faciəsində dünyasını dəyişənlərin deyil, ümumilikdə torpaqlarımızın azadlığı uğrunda dünyasını dəyişənlərin hamısının ruhu şaddır. Eyni zamanda, bu qələbə millətimizin zədələnmiş ruhunun bərpasıdır. Biz uzun illər bu ağrılarla yaşayırdıq. Çox şükürlər olsun ki, cənab Prezidentimizin qətiyyəti, onun yaratdığı ordunun qüdrəti və xalq ilə iqtidar birliyi möhtəşəm qələbə əldə olundu. Bu da bütün şəhidlərimizin ruhunu şad etdi. Həmçinin, millətimizin sınmış qürurunu bərpa etdi. Həm xalqımızla, həm də dövlətimizlə fəxr edirik.

- Xocalı faciəsinin ildönümündə hansı hissləri keçirirsiniz?

- Təkcə Xocalı faciəsinin ildönümlərində deyil, bu kədər hər an bizimlə yaşayır. Mənə elə gəlir ki, sona qədər bu dərdi çəkməli olacağıq. Amma biri var çəkilən əzablar nəticəsiz qalsın, biri də var bu proseslər xalqın arzuladığı sonluqla nəticələnsin. Şükür ki, itkilər versək də, dövlətimizi qoruyub saxlaya və qələbə qazana bildik. Həmçinin, müəyyən mənada itkilərimizin də qisasını aldıq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə