Zəlzələ ölkələri sırasında olan Türkiyə, bu dəfə də Kahramanmaraşda baş verən zəlzələ ilə sarsılıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər ev heyvanlarının və sahibsiz heyvanların zəlzələdən əvvəl israrla səs-küy saldıqlarını bildiriblər. Bu, o deməkdir ki, heyvanlar zəlzələni hiss edir? Mütəxəssislər bu suallar barəsində araşdırma ediblər.
Heyvanlar zəlzələni hiss edir?
İnsanlar 20-20 min herts diapazonunda səsləri qəbul edə bilirlər. Əksər seysmik dalğaların tezliyi 20 herts-dən azdır. Buna görə də dalğaların özləri çox vaxt eşidilmir. Belə zəlzələlərdə insanların eşitdiyi səs-küy daha çox binaların sınması nəticəsində yaranır.
Digər tərəfdən, eşidilən diapazonda zəlzələlər mümkündür. Bunlar gurultu kimi eşidilə bilər.
Bəzi insanlar itlərin və ya pişiklərin insanların eşitmədiyi zəlzələ səslərini və ya titrəmələri hiss edə bildiyinə inanırlar. Lakin ekspertlərin fikrincə, bu, təsdiqlənmiş məlumat deyil.
Bəzi heyvanların davranışında dəyişikliklər zəlzələlərdən əvvəl müşahidə oluna bilər. Lakin bu davranışlar, elm adamlarına görə, ardıcıl deyil və çox vaxt zəlzələdən əvvəl davranışda hiss olunan dəyişiklik olmur.
Bütün bunlarla yanaşı, bəzi tədqiqatlar da göstərir ki, heyvanlar zəlzələni hətta baş verməmişdən bir neçə gün əvvəl hiss edə bilirlər. Türk Baytarlıq Daxili Xəstəliklər və Psixologiya Mütəxəssisi Professor H.Tamer Dodurka “Heyvanların davranışını müşahidə etməklə zəlzələnin dəqiq vaxtını anlamaq mümkün deyil. Lakin zəlzələnin yaxınlaşması ilə bağlı siqnallar almaq mümkündür”, - deyə o bildirib.
Elmi araşdırmalarla, hissetmə qabiliyyəti insanlardan çox yüksək olan heyvanların zəlzələdən bir neçə gün əvvəl zəlzələnin yaratdığı elektromaqnit sahəsini qorxutduğu məlum bir həqiqətdir.
1996-cı ildə Osaka Universitetinin Yer və Kosmos Elmləri laboratoriyasında aparılan təcrübədə süni şəkildə yaradılmış elektromaqnit sahəsinə yerləşdirilən heyvanların reaksiyaları tədqiq edilərkən heyvanların zəlzələni əvvəlcədən hiss etdikləri, çaxnaşma halında qaçdıqları və narahat olduqları sübut edilmişdir.
İtlər ən həssas heyvanlardan biridir
Bütün böyük zəlzələlərdə zəlzələdən bir neçə gün əvvəl başlayan heyvanlarda qəribə hərəkətlərin qeydə alındığını ifadə edən Baytar Daxili Xəstəliklər və Psixologiya Mütəxəssisi Hamer Dodurka, “İzmit və Bolu zəlzələlərindən əvvəl minlərlə insanımız heyvanlardakı bu qəribə davranışlara şahid oldu. 17 avqust zəlzələsindən sonra aparılan araşdırmalar zəlzələdən əvvəl bir çox fövqəladə hadisələrdən bəhs etmiş və onların demək olar ki, yarısı heyvanlarla əlaqəli olmuşdur. Hansı heyvan növünün daha çox reaksiya verdiyi elmi olaraq açıqlanmayıb. Balıqların və sürünənlərin daha həssas olduğuna dair ipuçları var, amma ən çox itlərin reaksiyaları gündəmə gətirilir. Bunun mümkün səbəbi bu heyvanların bizim yaxın ətrafımızda olmasıdır. Yenə də bəzi tədqiqatçılar iti ən həssas heyvanlar arasında sayırlar. Beləliklə, itlərin reaksiyalarının zəlzələ xəbərçisi kimi istifadə oluna biləcəyi ilə bağlı mübahisələr yaradır” deyib.
H. Tamer Dodurka deyib: “Bilirik ki, itlər saniyədə 20 min ilə 80 min vibrasiya arasında olan səsləri asanlıqla eşidə bilirlər. Odur ki, yerin altındakı titrəyişlərin insanları silkələmək səviyyəsinə çatmamış itlər tərəfindən eşidilməsi təəccüblü olmamalıdır”.
Suda yaşayan heyvanlar da zəlzələni hiss edir?
H. Tamer Dodurka “Su heyvanları suda kimyəvi dəyişikliklərə son dərəcə həssas olduqları üçün zəlzələni əvvəlcədən asanlıqla hiss edə biləcəklərini düşünürlər” deyib.
Zəlzələ proqnozu mərkəzlərində heyvanların davranışlarından necə istifadə edildiyi barədə məlumat verən Prof. Dr. Dodurka, "Ümumiyyətlə iki üsuldan istifadə olunur, birincisi, mobil şəbəkələr vasitəsilə təbiətdə məlumat ötürən müşahidəçilər şəbəkəsi yaratmaq, ikincisi isə nəzarət edilən şəraitdə saxlanılan heyvanların davranışlarını izləməkdir. Bu tədqiqatlar arasında biz ən yaxşı nümunəni Çində görə bilərik. Çin Dövləti 1970-ci ildən etibarən mümkün zəlzələyə qarşı kütləvi hazırlıq proqramına başlayıb. 1974-cü ildə zəlzələ gözləntisi artdıqda, heyvanların davranışı, su ehtiyatları, hava və suyun temperaturu, bitkilər kimi zəlzələnin mümkün prekursorlarını müşahidə etmək üçün mindən çox müşahidəçi təyin edildi. 1974-cü ilin dekabrında heyvanların hərəkətindəki anomaliyalara görə yaşayış məntəqələri boşaldılmış və baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində heç kim xəsarət almamış, 10 milyon insan mütləq ölümdən xilas edilmişdir. Lakin sonrakı zəlzələlərdə heyvanlar eyni performansı göstərmədilər”.
Mütəxəssis sözlərinə belə davam edib: “Biz heç vaxt bir heyvanın reaksiyasına etibar edə bilmərik. Çünki zəlzələlərin xüsusiyyətləri və heyvanların zəlzələlərə reaksiyaları standartlaşdırılmamışdır. Bəzi heyvanlar heç bir zəlzələyə reaksiya verməyə bilər, bəziləri də əksinə. Müşahidələr heyvanların davranışı ilə bağlı təcrübəsiz və qərəzli insanlar tərəfindən aparıla bilər. Bu, səhv şərhlərə səbəb ola bilər. Cavablar zəlzələ üçün xüsusi olmaya bilər. Başqa sözlə, heyvanlar da meteoroloji hadisələrə oxşar reaksiyalar verə bilirlər”.
Zəlzələnin hava və zamanla bağlılığı var?
Qədim yunanlar zəlzələlərin xüsusilə isti, quru havalarda baş verdiyinə inanırdılar. 17 Avqust 1999-cu il zəlzələsindən sonra da bu inancda olan insanlar var. Lakin ekspertlər bunu qəti şəkildə rədd edirlər.
Eynilə, güclü təkanların həmişə səhər baş verdiyini düşünənlər var. Digər tərəfdən, tarixdə axşam saatlarında baş verən zəlzələlər də az deyil.
Zəlzələ zamanı təhlükəsiz yer qapı arxasıdır?
Alimlər deyirlər ki, qapı eşikləri ancaq kərpiç evlərdə qorunma təmin edə bilər. Çünki müasir binalarda qapılar binanın qalan hissəsindən möhkəm deyil.
Əksinə, ictimai binalarda tələsik bayıra çıxmaq istəyənlər qapının ağzına sığınanları əzə bilirlər. Mütəxəssislərin tövsiyəsinə görə, zəlzələ zamanı içəridə olanların paltaryuyan və ya qabyuyan maşın kimi ağ əşyaların yanında əyilmələri daha məntiqlidir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə