Tullantıların təkrar emalının müsbət cəhətləri nədir? - ARAŞDIRMA

Tullantıların idarə edilməsi sahəsində ən arzuolunmaz üsul onun torpağa basdırılaraq zərərsizləşdirilməsidir. Bu üsuldan istifadəni azaltmaq üçün dünyanın qabaqcıl ölkələrində tullantıdan müxtəlif formalarda faydalanmaq siyasəti həyata keçirilir. Dünyada məişət tullantılarının həcmi ildən-ilə artır. Azərbaycanda da əhalinin rifah səviyyəsinin yüksəlməsi nəticəsində istehlak səbətinin genişlənməsi və əhalinin sayının çoxalması tullantıların artmasına səbəb olur. 2018-ci ildə Almaniya Avropa İttifaqında tullantıların təkrar emalı üzrə lider olub, burada tullantıların faydalı dövriyyəyə qaytarılması payı 66% təşkil edib. Avropada orta hesabla bu rəqəm təxminən 46% təşkil edir. Almaniya İqtisadiyyat İnstitutunun apardığı araşdırmaya görə, ən inkişaf etmiş ölkələr sıralamasında Avstriya (58%), Sloveniya və Belçika (54%), İsveç (48,9%), Fransa (41,7%) və İspaniya yer alıb. Aİ-də ən pis vəziyyət Yunanıstan (17%), Rumıniya (13,3%) və Maltadadır (7,1%). Aparıcı Avropa və Asiya ölkələridir. Qərb ölkələri tullantılardan maksimum dərəcədə təkrar emal və enerji xammalı kimi istifadə etməyə çalışır.

Bəs ölkəmizdə tullantıların təkrar emalı necə həyata keçirilir?

SİA mövzu ilə bağlı araşdırma edib.

Bu müasir yanaşma Azərbaycanda da tətbiq olunur. Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı sürətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin sənəddə ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Abşeron yarımadasında məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da bu vəzifələr sırasındadır.

“Təmiz Şəhər” ASC-nin əsas vəzifəsi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsini müasir standartlara cavab verə biləcək səviyyədə qurmaq və idarə etməkdir. Bu prosesi mütəşəkkil qaydada həyata keçirmək və bununla da şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq, eləcə də tullantıları təkrar emala cəlb etməklə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafa nail olmaqdır. Bakı bərk məişət tullantılarının yandırılması zavodu Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodunun yaradılması qərara alınıb. İstehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur. Zavod dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulub və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə tikilmişdir.

"Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, illik yandırma gücü 500 min ton olan zavodda tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin edir.

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu

Məişət tullantılarının çeşidləmək və ölkədə təkrar istehsal sahibkarlığını inkişaf etdirmək məqsədilə 2012-ci ildə “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət Tullantılarının Çeşidlənməsi Zavodu istifadəyə verilib. Alman texnologiyası əsasında qurulan bu zavod il ərzində 100 min tona qədər bərk məişət tullantısı qəbul etmək gücündədir. 2012-ci ildən istifadəyə verilən bu zavod ötən müddət ərzində səmərəli fəaliyyət göstərərək, Balaxanı Sənaye Parkının rezidentlərini xammalla təmin etmək istiqamətində xüsusi pay sahibi olmuşdur. Tullantıların təkrar emal sahəsində sahibkarlığın inkişafına dəstək verən zavodda çeşidləmənin aparılması tullantıların ümumi həcmini azaldır və bununla da Balaxanı Sənaye Parkı üçün ucuz xammal bazarı formalaşır. Ölkədə təkrar istehsal prosesinin qurulmasına böyük təkan verən çeşidləmə zavodunun yaradılması təbii ehtiyatlar və enerjiyə qənaətə, ən önəmlisi isə ətraf mühitə mənfi təsirin azaldılmasına xidmət edir.

2017-ci ildə Balaxanı Sənaye Parkının açılışı olmuşdur. İlkin mərhələdə 7 ha ərazi ayrılan sənaye parkına sahibkarların marağının artması nəzərə alınaraq 10,15 hektara çatdırılmışdır. Hazırda Sənaye Parkında qeydiyyatdan keçərək fəaliyyət göstərən 25 rezident 27 istiqamət üzrə təkrar emalla məşğuldur. Sənaye Parkı ərazisində rezidentlər tərəfindən,tikinti materialları, işlənmiş qida və mühərrik yağları, kağız, plastik, rezin, və.s tullantılar təkrar emala cəlb olunaraq yeni məhsul istehsalı həyata keçirilir.

Balaxanı Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən bura 49,1 milyon manata qədər investisiya qoyulub və 1000-dən çox yeni iş yeri açılmışdır. Fəaliyyətə başladığı vaxtdan indiyə qədər Balaxanı Sənaye Parkında təxminən 145,4 milyon manatlıq məhsul istehsal olunub və 17,3 milyon manat dəyərində məhsul xarici ölkələrə ixrac edilib.

Dayanıqlı inkişaf prinsipləri əsas götürülərək müasir texnoloji yenilikləri tətbiq etməklə ətraf mühit mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı bu istiqamətdə sahibkarlıqla məşğul olmaq istəyənlər üçün çox münbit mühitdir. Burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət,torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar 10 il müddətinə ƏDV-dən, 7 il müddətinə isə idxal rüsumundan azaddır.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə