Milli birliyimizin rəmzi - 27 Sentyabr ŞƏRH

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə həyata keçirilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "İki yüz il davam edən bizim xalqa qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə erməni millətçiləri tərəfindən aparılan siyasətin məqsədi azərbaycanlıları öz doğma ocaqlarından sıxışdırıb qovmaq, onları fiziki cəhətdən məhv etmək, yeni əraziləri işğal edərək mifik "Böyük Ermənistan" qurmaq olub." Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Azərbaycandakı erməni qırğınlarının tarixi XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi və bütün XIX əsr boyu İrandan, Türkiyədən və digər ölkələrdən bura kütləvi şəkildə ermənilərin köçürülməsi ilə başlamışdır. Tariximizin ən yaralı yerlərindən biri olan martın 31-i tariximizə azərbaycanlıların soyqırımı günü olaraq daxil edilib. Faktlər, rəqəmlər bu siyasətin nəticəsində xalqımızın ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldığını sübüt edir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiya edilməsi, Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə baş verən olaylar ermənilərin xalqımıza qarşı olan çirkin niyyətlərini açıq-aydın ortaya qoymuş olur. Ötən əsrin sonlarında baş verən olaylar torpaqlarımızın erməni təcavüzkarları tərəfindən işğalı, Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

İki il bundan əvvəl sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad olundu. "Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır", - deyən Cənab Prezident bildirmişdi ki, biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir". Uzun illər dövlət başçısının apardığı danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında məğlub oldu. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. İllərlə davam edən danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi.

44 günlük Vətən müharibəsində Ermənistanın beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu. Təbii ki, bu və ya digər mənfur siyasəti özündə daşıyan əməllər Azərbaycanı haqq savaşından çəkindirmədi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və Prezident İlham Əliyev siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasında bizi irəliyə doğru apardı.

Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. 2020-ci ilin noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu qələbənin qazanılmasında mərd, ərən oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın əlaməti olaraq dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında 27 Sentyabr Anım Günü təsis edildi.

Azərbaycan xalqı "dəmir yumruq" əməliyyatı ilə torpaqların işğaldan azad etdi. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyini, gücünü bütün dünyaya göstərmiş oldu. Bu gün xalqımız Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizi qürurla və böyük ehtiramla yad edir.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə