Respublika günü ilə bağlı tədbir keçirilib - YENİLƏNİB-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında 28 may Respublika Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə ərazi partiya sədrləri, veteranlar və fəal gənclər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri açıq elan edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbir iştirakçılarını 28 May Respublika günü ilə əlaqədar video-çarxı izləməyə dəvət edib.

Daha sonra isə nitqinə davam edən Muxtar Nağıyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini yad edib: “Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti uzun müddət yaşaya bilmədi. Obyektiv və subyektiv səbəblərdən, xüsusilə də məkrli qüvvələrin səyləri nəticəsində süquta uğradı. Bu günün qurucuları Azərbaycan xalqının yadında əbədi olaraq qalmaqdadır. Biz heç vaxt ölkəmizin fədakar oğullarını unuda bilmərik. Bu günkü Azərbaycan məhz həmin dövrdə qurulmuş varisi olaraq ənənələri davam etdirir. Daha inamla, əzmlə bu gün Azərbaycan dünyada inkişaf etmiş ölkələrə çatmaq üçün Xalq Cümhuriyyətinin ənənələrini davam etdirir. Onun qurucularının arzu və istəklərini həyata keçirir. Bu gün dünyada ölkəmizin nüfuzunun qalxması üçün böyük, uğurlu tədbirlər həyata keçirilir”.

Daha sonra isə AXC-nin tarixi ilə bağlı məlumat vermək üçün söz tarix üzrə fəlsəfə doktoru dosent Elman Mirzəyevə verilib: “Sabah artıq biz Cümhuriyyətin 104 illiyini qeyd edəcəyik. Bu gün həqiqətən Bakı şəhəri bayramsayağı bəzədilib. Qardaş türk şahinlərinin Bakıda olması bayram əhval-ruhiyyəsi yaradıb.

Azərbaycan Xalq Cümhuriyyəti çox şanlı yol keçib. AXC yaranmamışdan əvvəl isə ölkəmiz mürəkkəb bir dövrdən keçib. Bu xalq çox möhkəm dövlət ənənələrinə malikdir. Xalqın savadlanması AXC üçün çox əhəmiyyətli idi. Bu dövrdə Bakı bütün dünyanın göz dikdiyi şəhər idi. Dünya neftinin 50 faizi Bakıda idi. Yəni həmin dövrdə bir çox ölkələr üçün Bakı hava, su kimi lazım idi. Bütün bu kimi səbəblər də məhz AXC-nin tez bir zamanda süquta uğramasına səbəb oldu. Lakin AXC bizim xalqımıza müstəqilliyin nə olduğunu göstərdi”.

“Ö.F.Nemanzadə 15” ƏPT sədr müavini Gülbəniz Abbasova və Vətən müharibəsi iştirakçısı, qazi Rəşad İsmayılzadə də AXC-nin tarixi və əhəmiyyəti ilə bağlı öz fikirlərini bildiriblər.

Sonda isə Üzeyir Hacıbəyov 84 ƏPT sədri Natiq İsayev 65 yaşının tamam olması münasibətilə təltif olunub.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə