Qarabağa “Böyük Qayıdış”ın başlaması tariximizin şanlı səhifələrindən biridir - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu gün hər bir azərbaycanlı fəxr və qürur duyur ki, Qarabağa “Böyük Qayıdış” başlayır. Azərbaycan dövləti Qarabağda tarix yazmaqda davam edir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsini istifadəyə verməsi və kəndin ilk sakinləri ilə görüşü müasir tariximizin qürurlu səhifələrindən biridir: “Azərbaycan xalqı son illər möhtəşəm tarixi günlər yaşayır. 44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə tarixi Zəfər qazanıldı. Daha sonra isə azad edilmiş ərazilərin bərpasına start verildi. Ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda inanılmaz bərpa işləri həyata keçirilib. Tarixi torpaqlarımızda nəhəng layihələr reallaşdırılıb. Bütün bunlar hər birimizi heyrətləndirir, sevindirir. Bu tarixi proseslərə şahidlik etmək, azad Qarabağın yenidən qurulmasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını izləmək Azərbaycan xalqına böyük qürur verir.

O həmçinin qeyd edib ki, Qarabağda genişmiqyaslı işlərin həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi gücünü, Prezident İlham Əliyevin siyasi iradəsini, qətiyyətini nümayiş etdirir: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına səfəri iki gündür ki, ölkə ictimaiyyətinin xüsusi diqqət mərkəzindədir. Keçmiş məcburi köçkünlər uzun illərin həsrətindən sonra öz doğma yurdlarına qayıdır. Özü də ən müasir “ağıllı kənd”lərə, hər bir şəraitlə təchiz edilən yeni yaşayış məntəqələrinə. Bütün işlər Azərbaycan Prezidentinin ciddi nəzarəti altında, mərkəzləşdirilmiş qaydada, sürətlə və ən müasir texnologiyalar əsasında aparılır. Bu onun göstəricisidir ki, Prezident və xanımı azad edilmiş ərazilərin bərpasında müasirliyə son dərəcə böyük önəm verir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə