Ermənistanda növbəti axmaqlıq - TƏHLİL

Ermənistanda kimsə sonsuza qədər bütün xalqı aldada bilməz və bunun bir sonu olacağını özləri də yaxşı bilirlər. Hər zaman pafosla danışanların sonda vədlərinə əməl etmədiklərinin elə ermənilər özləri də dəfələrlə şahidi olublar və indi hərhansı qüvvə özü də bunun fərqindədir. Əbəs yerə deyil ki, Ermənistanda “Müqavimət Hərəkatı” adlanan qurumu təşkil edən guya barışmaz müxalifət son zamanlar bir qədər depressiyaya düşüb və bunun səbəbləri var.

Ola bilsin ki, Köçəryan, Sarkisyan, Vanesyan və daşnakların əhatəsində olanlar hələ də itaətsizlik aksiyalarının nəticəsi ilə bağlı bəzi illüziyaların təsiri altındadırlar. Onlar bəlkə də eyforiyaya qapıla bilərlər, amma reallıq ondan ibarətdir ki, ümidləri artıq tükənməyə başlayır. Heç şübhəsiz ki, onlar mübarizələrini uduzduqlarını artıq başa düşüblər və nəinki bütün erməni xalqını, heç olmasa yarısını belə heç vaxt səfərbər edə bilməyəcəkləri qənaətinə çoxdan gəliblər.

Artıq Ermənistandakı aksiyaları müşahidə edəndə dərhal hiss olunur ki, müxalifət praktiki olaraq bütün resurslarını tükəndirib. Bu isə o deməkdir ki, erməni xalqı qanlı-qadalı, fəlakətli keçmişə qayıtmaq və ya qeyri-müəyyən gələcəyə istiqamətlənmək istəmir. Görünən odur ki, bu xalq yeni qanlı müharibə istəmir. Bunu istəsələr belə güclərinin olmadığını, müharibəyə qatılmaq imkanlarının olmadığını, resurslarını tamamilə itirdiklərini bilirlər. Bilirlər ki, səs-küy salmaları, qarşıdurmalar yaratmaları onların yenidən itgiləri ilə nəticələnəcək və ən böyük reallıq da elə budur. Sıravi erməni xalqı balalarını kimlərinsə məkrli niyyətlərinə qurban vermək istəmir, sadəcə normal yaşamaq fikrindədir, təbii ki, buna öz aralarından çıxan avantüristlər imkan versələr.

İndi Ermənistanda ortaya atılanlar aksiya keçirməklə nəyə isə ümid edə bilməzlər və kütlə deyilən bir qüvvədən söhbət belə gedə bilməz. Məhdud sayda, özü də eyni adamları meydana toplamaq nə isə demək deyil və özləri də bunu başa düşdüklərinə görə sıralarında ümidsizlik və qıcıqlanma çox güclü şəkildə nəzərə çarpır. Buna baxmayaraq öz niyyətlərindən əl çəkmək istəmirlər və sağlam məntiqə uyğun olmayan gülünc hərəkətlər etməkdə davam edilər. Elə məhz 12 may tarixində “Müqavimət Hərəkatı”nın bir qrup nümayəndəsinin Aİ-nin Ermənistandakı nümayəndəliyinin binası qarşısında etiraz aksiyası təşkil etməsi belə gülünc hərəkətlərdəndir. Əllərində etirazçılara qarşı zorakılıq edən polis məmurlarının fotoşəkilləri gəzdirənlərin hərəkətlərinin nəyə hesablandığını özləri də bilmirlər. Aİ nümayəndə heyətinin polisin bu günlərdə güc tətbiq etməsinə münasibəti nəyi dəyişə bilər və bunların Aİ-nin Ermənistandakı nümayəndəliyindən istəyi nədir axı? İndi Ermənistan bir ölkə olaraq varlığı belə sual altında olduğu bir məqamda bu hərəkətlərin mənası nədir?

Əlbəttə ki, polisin ölkə hakimiyyəti tərəfindən icazə verilməyən aksiyaları, ümumiyyətlə tədbirləri dağıtması ilə bağlı Aİ ofisinə iddialar irəli sürmək olduqca böyük bir axmaqlıqdır. Onlar bu barədə narazılıqlarını hökumətə, baş prokurora, polis rəhbərliyinə təqdim etsəydilər, hardasa başa düşmək olardı. Bəs Aİ-nin bu məsələyə nə aidiyyatı var? Aksiya iştirakçıları bununla nəyə ümid edirlər axı və özləri öz axmaqlıqlarının fərqindədirlərmi?

İndi erməni xalqının hissləri üzərində qurulan bu kinli oyunlar ümumilikdə xalqın özünə zərərlidir. Hazırda Ermənistanın qarşısına qoyulan şərtlər var və bu şərtləri elə Aİ özü ilk növbədə təsdiqləyib. Ermənistan tərəfi qarsışındakı şərtləri yerinə yetirmək əvəzinə, Aİ-nin Ermənistandakı nümayəndəliyinin qarşısında aksiya keçirilirsə, bunun adı həqiqətən də axmaqlıqdır. Aİ indi Ermənistandan yalnız böynuna götürdüyü şərtlərə əməl etməsini gözləyir. Bu qurum üçün maraqlı olan budur və belə olan halda aksiya iştirakçıların əməlləri yalnız gülünc görsənə bilər, hansıki bunu qəbul edən ermənilər çoxdur.

Digər tərəfdən, axı indi Ermənistanın bu çətin vəziyyətdən, bu çətin durumdan, hansıki bu ölkə özü-özünü düçar edib, xilas yolu məhz boynuna götürdüyü öhdəlikləri, şərtləri yerinə yetirməkdən ibarətdir. Yəni, bunu onlar hələ də anlamırlarmı? Anlamırlarmı ki, dalana dirəniblər və bu ölkə birdəfəlik tarixin arxivinə yazıla bilər? İndi ikinci bir Ermənistan dövləti arzulayanlar bircəciyini belə əldən vermək üzrə olduqlarının fərqində deyillərmi? Görmürlərmi ki, bütün dünya bu ölkənin qanunsuz hərəkətlərini etiraf etdi və bu ölkənin qarşısında qoyulan şərtlər əbəs yerə təsdiqləndimi? Bunu dərk etmək, təxirə salınmadan şərtlərə əməl etmək əvəzinə ortaya düşüb şou göstərmək birmənalı şəkildə axmaqlıq sayılır.

Düz 30 ilə yaxın müddət ərzində Ermənistan hökuməti, bu ölkə hakimiyyətləri erməni xalqını aldatdı. Bu illər ərzində ikinci Ermənistan dövləti vəd etdilər erməni xalqına və sonda bu xalqın evladlarını özgə torpaqlarına döyüşə göndərməklə qırğına verdilər. Sıravi ermənilər öz evladlarını səbəbsiz, mənasız yerə itirdilər. Onlar vətən uğrunda döyüşüb canlarını qurban verən, müqəddəs şəhid adını qazanan, ən uca məqama yüksələn Azərbaycan əsgərindən fərqli olaraq, sadəcə kimlərinsə oyununun qurbanı oldular və mənasız yerə öldülər. Hələ də bir çox erməni ailəsi evladının qayıdacağını gözləyir, bir çoxları da onların ölümünü qəbul edə bilmirlər. Bunu qəbul etmək mümkün də deyil və bütün bunların fonunda indi yenə də bu xalqı oyuna sürükləmək axmaqlıq deyilmi?

Qeyd etdiyimiz kimi, erməni xalqı üçün indi normal yaşamaq birinci dərəcəli sual, birinci dərəcəli məsələdir. Onlar üçün nə fərqi var, hakimiyyətdə Koçaryan, yaxud Sarkisyan olsun, Paşinyan olsun ya da bir başqası? Guya onların hansınınsa hakimiyyətə gəlməsi, yaxud da hansısa formada hakimiyyət dəyişikliyi nəyə təsir edə bilər? İndi artıq ötən əsrin 90-cı illəri deyil ki, torpaqları yenidən işğal edə bilələr. Artıq Azərbaycan ötən əsrin sonlarındakı ölkə deyil və erməni hiyləsi də, məkri də, işğalçılıq niyyətləri də bizə bəllidir. Üstəlik, 30 il ərzində qurulan istehkamı Azərbaycan Ordusu tərəfindən dağıdılan, darmadağın edilən Ermənistan bu qədər itgilərindən sonra, tamamilə rəzil duruma düşdüyü halda Azərbaycanın qarşısına bir də çıxa bilərmi? Azərbaycan Ordusunun cəmi 44 gün ərzində darmadağın etdiyi Ermənistan silahlı qüvvələri indi hansı resursa və nəyə ümid edə bilər? Əlbəttə ki, heç nəyə. Belə olan halda, bu ölkədə aksiya keçirmək, hansısa tələblərlə çıxış etmək yalnız axmaqlıqdır.

Bu axmaqlıqların əvəzinə Ermənistan tədbirli şəkildə sülh müqailəsinin imzalanmasını tezləşdirə bilərdi və bununla da ən azından inkişaf etməsi üçün imkanlar qazanardı. Əvvəla ona görə ki, bu ölkə birdəfəlik işğalçılıq siyasətinə son qoyub inkişaf haqqında düşünərdi. Digər tərəfdən də Ermənistan iqtisadi əlaqələr qurmasa, bunun üçün nəqliyyat dəhlizindən istifadə etməsə heç nəyə ümid edə bilməz. Koçaryanın, Sarkisyanın timsalında heç bir erməninin əlində sehrli çubuq yoxdur ki, onunla bir anda Ermənistanı bu böhranlı vəziyyətdən, bu acınacaqlı durumdan çıxara bilə. Bir sözlə, indiki durimda Ermənistanda kimlərinsə aksiyaya bel bağlaması da, ümumiyyətlə, aksiya keçirməsi də yalnız axmaqlıqdır. Belə axmaqlıqların bu ölkədə dəflərlə şahidi olmuşuq və görünür, bu da növbəti axmaqlıqdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...