“1941-1945-ci illər İkinci Dünya müharibəsi xalqımızın yeni tariximizdə ölməzlik və qəhrəmanlıq səhifələri kimi əbədi qalacaq.
Bildiyimiz kimi, artıq uzun illərdir ki, 9 may alman faşizmi üzərində qələbə günü kimi qeyd edilir. 1991-ci ildə Sovetlər dağıldıqdan sonra, Sovetlərə daxil olan respublikalar, eləcə də Azərbaycan xalqı yenidən öz müstəqilliyinə qovuşduqdan sonra respublikaların bir çoxunda bu əlamətdar günə münasibət dəyişdi”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, daha doğrusu SSRİ-yə daxil olan bəzi ölkələr bu günü Sovet rejiminə olan nifrətə görə demək olar ki, öz tarixlərindən sildilər: “Çox təəssüf ki, nə qədər üzücü olsa da deməliyik ki, ölkəmizdə də müstəqilliyin ilk illərində, hakimiyyətə təsadüfən gəlmiş, bəzi hallarda vəzifələri zəbt etmiş “rəhbərlikdə” təmsil olunanlar xalqımızın tarixinə bu dərəcədə etinasızlıq edərək, 9 May gününü təqvimdən çıxartmağa nail oldular.
Əlbəttə bu cəmiyyətdə böyük narazılıq doğursa da onlar bu günü ölkəmiz və xalqımız üzün dəyərsiz və yalnış bir tarixi hadisə kimi qələmə verməyə çalışırdılar. Bu təsadüfi səriştəsiz və dövlətçilik şüuru olmayan qüvvələr hətta 8 Mart Beynəlxalq Qadınlar gününü də təqvimdən çıxarmışlar.
Bu tarixi və əlamətdar gün 1993-cü ildən Ulu Öndərimiz Heydər Əliyevin ölkəmizə 2-ci dəfə hakimiyyətə gəlişindən sonra yendən ona siyasi qiymət verilərək dövlət səviyyəsində, rəsmi olaraq qeyd edilməyə başladı. Əslində nə qədər düşüncəsizlik ola bilər ki, hər ailədən ən az bir-iki adamın bu savaşda şəhid olması, iştirakını görməzdən gəlmək olar?!
Qeyd etmək lazımdır ki, 9 May həm də dünyanın bütün tərəqqipərvər ölkələrinin və xalqlarının qeyd etdiyi bir gündür. 1941-45-ci illərdə xalqımızı təmsil edən 416-cı Taqanroq diviziyanın qəhrəmanlığı dillər əzbəri idi. Xalqımız həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişdir. Bu bir gerçəklikdir ki, bütün dünyanı əhatə etmiş bu müharibədə Sovetin İttifaqının İstifadə etdiyi neftin və neft məhsullarının 70 faizi Bakı tərəfindən təmin edilirdi və
dünya faşizmi üzərində qələbənin əldə olunmasında Bakı nefti həlledici amillərdən biri olmuşdur. Bütün bunların üzərindən xətt çəkməsinə öz tarixinə və ata-babalarına qarşı düşmən mövqe göstərməkdən başqa bir məna vermək mümkün deyil. Müharibə vaxtı böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla gecə-gündüz çalışaraq cəbhəni fasiləsiz neft və neft məhsulları ilə təmin etmişlər”.
Deputat sözlərinə belə davam edib: “Qeyd etmək lazımdır ki, Akademik Yusif Məmmədəliyev tərəfindən aviasiya benzini üçün hədsiz zəruri olan yüksək oktanlı aviasiya yanacağının alınması həm də elmdə böyük nailiyyət olmaqla, BVM-nin taleyində böyük əhəmiyyəti oldu.
Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının əldə edilməsi xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərərək, ordunun ehtiyaclarını ödənməsi üçün gecə-gündüz fədakarlıqla çalışıbdır. Bakı Sovet İttifaqının mühüm silah istehsalı mərkəzlərindən birinə çevrilmişdir.
1941-ci ildə respublikada 66 hərbi hospital yaradılmışdı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlanmışdı. Müharibə dövründə respublikamızda 149.170 vətəndaşı donor var idi. 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradılmışdı. Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manat pul toplamış, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar göndərmişdi. Həmçinin təkcə müharibənin əvvəllərində müdafiə fonduna şəxsi istifadələrdə olan 18 min baş mal-qara, 52 min pud taxıl, 170 min pud müxtəlif növ məhsul göndərilmişdi.
Xalqımızın igid oğulları alman faşizmindən təkcə Sovet İttifaqının qorunmasında şücaət və patriotizm göstərməmişlər. Onlar həm də bütün bəşəriyyətin qlobal faşizmdən qorunmasında əfsanəvi qəhrəmanlıqlar göstərmişlər. Bu qəhrəmanlar indi Avropanın bir sıra ölkələrində, Fransa, Rumıniya, İtaliya, Sloveniya eləcə də Ukrayna, Moldova və Belarusun müdafiəsində böyük fədakarlıqlar göstərmiş, bir çoxu şəhid olmuşdurlar. Azərbaycanın bu qeyrətli oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular.
Qeyd etdiyim kimi 1995-ci ildən ölkəmizdə faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Ulu Öndərimiz ölkəmizə hakimiyyətə gəldikdən sonra dövlətimiz tərəfindən BVM iştirakçılarına diqqət və qayğı artdı. Bununla bərabər cəmiyyətdə də onlara olan münasibətin müsbət mənada dəyişməsi üçün bu haqda çıxışlarında ciddi mesajlar verirdi. O hər il 9 May tədbirlərinin yüksək səviyyədə keçirilməsini, eləcə də 1995-ci ildə Azərbaycanda da ölkə üzrə 50 illik yubiley tədbirlərinin keçirilməsini bütün müvafiq qurumlara tapşırmışdı. Onun 50 illik yubileydəki parlaq çıxışı bütövlükdə BVM-nin tarixi təhlili olmaqla bərabər Azərbaycan xalqının bu savaşdakı tarixi və əvəzedilməz rola malik olduğuna həsr edilmişdir.
Çağdaş dövlətimizin qurucusu Heydər Əliyev BVM veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək onları xalqımızın qızıl fondu adlandırmışdır.
Hələ Ulu Öndərimiz Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda konfrasda iştirak edərkən demişdir ki, həqiqətən də bugün 2-ci dünya müharibəsini və BVM-ni tədqiq edən bir çox hərbi ekspertlər deyirlər ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı. Ulu Öndərimizin rəhbərliyi dövründən əsası qoyulmuş bu nəcib ənənəni möhtərəm Prezident İlham Əliyev bugün yüksək səviyyədə davam etdirir. Artıq hər il Qələbə Günündə İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru İki dəfə Sovet İttifaqı qəhrəmanı olmuş Həzi Aslanovun Şəhidlər Xiyabanındakı abidəsi ziyarət edilir, möhtərəm Prezidentimiz onun ailə üzvləri ilə və hazırda həyatda olan BVM veteranları ilə çox səmimi görüşlər keçirilir.
Möhtərəm Prezidentimiz öz müsahibəsində BVM-də qəhrəmanlıqla iştirak etmiş, həyatlarını riskə ataraq dünya faşizmi ilə mübarizə aparan bu insanlarımıza, veteranlarımıza hər zaman hörmət olunacağının və qorunacağının hər kəsin borclu olduğunu vurğulayır. O qeyd edir ki, biz öz veteranlarımızı qorumalıyıq.
Baxmayaraq ki, həyatda yaşayan BVM veteranlarının 90, 100 yaşı var… biz hər il 9 may günü onlarla görüşür, onların problem və qayğıları ilə maraqlanır həll edirik. Dünyasını dəyişənlərin isə onların şərəfinə ucaldılmış abidəni ziyarət edirik. Biz onlara hər zaman dəyər verəcəyik və mərdlik və qəhrəmanlıq rəmzi olan bu insanlara xalqımız tərəfindən gələcəkdə də minnətdarlıqla xatırlanacaqdır. Fikirlərimi hər bir sözü xalqımızın gələcəyi üçün yol xəritəsi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2019-cu il oktyabrın 11-də Aşqabadda, MDB dövlət başçılarının sammiti zamanı etdiyi çıxışında 9 May tarixi ilə səsləndirdiyi bir fikirlə yekunlaşdırmaq istərdim: “….Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB