“Ermənistanın əsas ümid qapısı Qərb idi“ - ŞƏRH EDİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın 4 fevralda baş tutan növbəti görüşünü Brüssel və Soçi görüşlərinin davamı kimi xarakterizə edə bilərik. Bu görüşdə də dövlətimizin maraqlarının qorunub, tələblərinin qəbul olunduğunun, danışıqların isə məhz Ali Baş Komandanın bəyan etdiyi yol xəritəsi üzərində qurulmasının şahidi olduq. Qeyd edim ki, son 1 il ərzində rəsmi Bakının İrəvan qarşısında qoyduğu mühüm şərtlər mərhələ-mərhələ reallaşır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu mərhələnin əsas iştiraçıları isə vaxtilə Ermənistanın bel bağladığı müttəfiqləridir ki, artıq sözügedən dövlətlər regiondakı dəyişikliyi və reallığı qəbul edib: “Azərbaycanın əsas tələblərində olan işğaldan azad olunmuş rayonların mina xəritələrini Ermənistan Azərbaycana təhvil verməli, Zəngəzur dəhlizini açmalı və sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı ilkin işlərə başlaması idi. Dövlət başçısının ötən bir il ərzində apardığı prinsipial siyasət nəticəsində İrəvan Bakının əsas tələblərindən bir neçəsini yerinə yetirdi və icrasına başladı, delimitasiya və demarkasiya məsələsi ilə bağlı isə danışıqlar isə hələ də davam etməkdədir”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycanın tələblərinin Ermənistan tərəfindən bir-bir yerinə yetirilməsi, müharibədən sonra növbəti dəfə arzularının puça çıxması mənfur qonşumuzun məğlubiyyəti, dövlətimizin isə beynəlxalq qələbəsidir. Ermənistanın əsas ümid qapısı Qərb idi. Onlar düşünürdü ki, üçtərəfli Bəyanat Qərb tərəfindən tanınmayacaq, Cənubi Qafqazdakı yaranmış olan yeni reallıqları ABŞ-la Fransa qəbul etməyəcək. Bunlar fikirləşilərək Ermənistanda Azərbaycanın qələbəsinə kölgə salınacağına böyük bir inam var idi. Onlara müharibə vaxtı və müharibədən sonra ABŞ, Fransa və Qərbin bəzi ölkələrinin parlamentlərində anti-Azərbaycan çıxışlarının edilməsi, Paşinyan hökuməti başda olmaqla daxildəki revanşistləri, eyni zamanda xaricdəki erməni diasporasının liderlərini “Qarabağın statusu”, “qalibiyyətin tanınmaması” kimi məsələlərlə bağlı uğur qazanacaqlarını düşündürürdülər. Lakin son hadisələr bir daha göstərdi ki, hətta Fransa prezidenti Emmanuel Makron belə məhz Azərbaycan prezidenti İlham Əliyevin başlatdığı yeni reallığı qəbul edib və bundan əvvəlki çıxışlarını unudaraq regionda Azərbaycanın göstərdiyi yol xəritəsi çərçivəsində hərəkət etməkdədir.

4 fevral görüşü də buna ən bariz nümunə oldu. Emmanuel Makronun təşəbbüsü ilə baş tutan dialoq zamanı bir daha Azərbaycanın maraqları nəzərə alındı, Ermənistan Xarici İşlər Nazirlirinin rəhbəri və digər siyasətçilərin qaldırdıqları “status” məsələsi gündəmə salınmadı, problem və münaqişə kimi terminlərdən istifadə edilmədi. Minsk qrupu və Dağlıq Qarabağ ifadələrindən istifadə edilməməsi Avropa İttifaqı və Fransanın Azərbaycanın ortaya qoyduğu şərtləri qəbul etməsi demək idi. Eyni zamanda, həmin görüşdə ilk dəfə olaraq azərbaycanlı itkin düşmüşlərin müqqədaratı Ermənistan qarşısında qaldırıldı. Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlığının genişləndirilməsində maraqlı olduqlarını bildirmələri yaxın 20 il ərzində ölkəmizlə Avropa arasında yeni enerji və nəqliyyat layihələrinin perspektivliyindən xəbər verir. Həmçinin, Avropa İttifaqının Azərbaycana 150 milyon deyil, ölkə başçısının tələbinə uyğun olaraq 2 milyard avro verəcəyini bildirməsi sössüz ki, Azərbaycanın artan geosiyasi və geoiqtisadi nüfuzu, Bakının Brüssel, Vaşinqton və Moskva arasında Qarabağ mövzusunda istəyinə daha əminliklə çatacağına işarədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə