"Rusiya tərəfi bu addımları heç də ciddi qəbul eləmir"- POLİTOLOQ ŞƏRH ETDİ

“Son dövrlər Ukrayna ilə bağlı baş verən hadisələr yüksələn xətt üzrə inkişaf edir. Kollektiv Qərb ABŞ və NATO olmaqla Rusiya ilə danışıqlardan öz tələblərini irəli sürmüş və tələblərindən geri çəkilməmişlər”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Amid Əliyev deyib.

Politoloq qeyd edib ki, istər prezident Bayden, istərsə də dövlət katibi Blinken bu məsələdə ciddi fikirlər bildirmişlər: “Bu fonda isə ABŞ diplomatlarının Ukraynadan təxliyyə edilməsi heç də təsadüfi sayıla bilməz. Çünki ABŞ bu məsələdə əsas tərəflərdən biridir. Nəzərə alsaq ki, ABŞ artıq Ukraynaya siyasi dəstəklə yanaşı hərbi yardım da göndərib, onda bu məsələni müharibəöncəsi hazırlıq kimi qiymətləndirmək olar. Britaniya hökuməti 90 ton hərbi yardım sırasında diplomatlarını Ukraynadan çıxarması da məntiqli sayıla bilər. ABŞ bununla bağlı olaraq 4 səviyyədə xəbərdarlıq edib. Ehtimal oluna bilər ki, bu, Qərbin fikirlərini ciddiyə almayan Rusiyaya daha ciddi mesaj kimi də qiymətləndirilə bilər. Rusiya tərəfi bu addımları heç də ciddi qəbul eləmir. Cavabında isə ABŞ Dövlət departamenti Rusiyanı tarixən blef etməklə məşhur olduğunu bəyan edib”.

Amid Əliyev vurğulayıb ki, Yaponiyaya gəldikdə isə onu qeyd eləmək olar ki, bu məsələdə tam şəkildə bir münasibət bildirməyib: “Bəlkə də pasifist mövqe nümayiş etdirməkdə davam edə bilər, amma məsələnin bu məcrada davam edəcəyi zamanı təbii ki, diplomatlarını Ukraynada saxlamayacaq. Hazırda Ukrayna uğrunda Qərblə Rusiya arasında danışıqlar diplomatik gərginlikə davam etməklə yanaşı silahlı hazırlıq da hər iki tərəfdən yüksək səviyyədə aparılır. Rusiya Müdafiə nazirliyinin silahlı birləşmələri Ukrayna sərhədlərində cəmlənib, müvafiq manevr və təlimlər aparılır. Yəni bu, o deməkdir ki, bölgədə müharibənin başlaması üçün hər iki tərəf qığılcım yarada biləcək addımı gözləyir. Son belə qarşıdurma 1962-ci ildə Karib böhranı zamanı baş vermişdir. O zaman da ortaq məxrəc tapıldı və məsələ sülhlə həll olundu. Bir sıra liderlərin vasitəçilik missiyasını icra etməsini nəzərə alsaq, yəqin ki, tam müharibə vəziyyətinin yaranması hələ ki, real görünmir. Çünki ən azından vasitəçilik edən liderlər hər iki tərəflə qarşılıqlı görüşlər keçirməli, məsələlər və iddialar bir daha müzakirə olunmalıdır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə