Parisdən Xankəndinədək Makron-Pekres oyunu- Əliyev bir həmlə ilə alt- üst edir..... - Aydın Quliyev yazır...

Bu günlərdə Azərbaycan Fransa münasibətlərində növbəti gərginlik dalğası yaşayırıq. Ən təzə hadisələr bunlardı - Fransa prezidentliyinə namizəd Valeri Pekres gizli şəkildə Laçın dəhlizindən Xankəndinə keçib qayıdır, Azərbaycanın Prezidenti tam əsaslarla bunu pisləyərək "öncədən bilsəydik, Pekresi Azərbaycandan çıxmağa qoymazdıq" deyə qəti bəyanat verir, Pekres ölkəsinə qayıtdıqdan sonra Əliyevin sözlərini "özünə qarşı sui-qəsdə çağırış" kimi şərh edir, Makronu öz müdafiəsinə çağırır, Makron səsini içinə alıb susur, XİN başçısı Drian isə " ..........ayağını bastamaz" prinsipinə söykənərək Prezident Əliyevin sözlərini "forma və məzmunca yolverilməz" adlandırır, Azərbaycan XİN isə Drianın şərhini diplomatik etikadan uzaq sayaraq daha kəskin münasibətini ortaya qoyur. Hamısını qeyd etmədiyim hadisələr zəncirində hansının əsas olduğunu axtarmağa qətiyyən əsas yoxdur, bütün bunların Fransanın illər boyu Azərbaycana qarşı apardığı qərəzli, ikiüzlü, ermənipərəst siyasətin tərkib hissələri olduğu gün kimi aydındır. Bir daha təsdiqlənir ki, anti- Azərbaycan siyasətini aparan tək rəsmi Fransa hakimiyyətləri deyil, məqam düşdükcə müxalifətdə olan bir sıra qüvvələr də anti-Azərbaycan müstəvisində özlərinə yer alır. Nə qədər inanılmaz gəlsə də, bu gün də davam edən anti-Azərbaycan düşmənçiliyinin pərdəarxası kuluarlarında Makronla Pekres və Zemmur bir "kotyolda yallanırlar". Buna az sonra geniş şərh verəcəyəm.

Bu il aprelin 10-da keçiriləcək Fransa prezident seçkiləri ərəfəsində bu ölkənin sırf "ev işləri" olan hadisələrin murdar uzantılarının Qafqaza, Xankəndinə gəlib çıxması təsadüfi deyil. Bu hadisələrin kökündə bir neçə maraqlı motiv var. Belə ki, həm ölkənin içində seçkiqabağı "demokratik şounu" səhnələşdirmək, həm Azərbaycanın hələ ötən əsrin 90- cı illərindən Fransaya sərgilədiyi xoş məramlara xəyanət edərək anti- Azərbaycan kursu aparmaq, həm bölgəmizdə nisbətən zəifləməkdə olan erməni revanşizmini körükləmək, həm də Fransa daxilində hər kəs üçün öz siyasi rəqiblərini mümkün qədər özündən aşağı duruma salmaq .....Pekresin Xankəndinə səfərində də, onun sonradan "Münhauzençilik xəstəliyinə tutularaq" ( ifrat həyasızlıq) İlham Əliyevi şərləməyə çalışmasında da, XİN başçısı Drianın Pekresə murdarcasına qəhmər çıxmasında da, nəhayət Makronun "öz itini çəkib bağlamamasında da bu çirkin oyunların əlamətləri var.

1993-cü ildən indiyədək Azərbaycan Fransaya münasibətdə xoş məramını nə qədər ardıcıl aparsa da, əvəzində Fransadan davamlı və artan xəyanət, haqq-saya hörmətsizlik, erməni təcavüzkarları ilə hər addımda xosunlaşmaq kimi düşmən davranışlar sərgiləyib. Baxın, Fransa Azərbaycanın müstəqilliyini dərhal yox, bir qədər gec - 1992-ci ilin yanvarında tanıdı. Halbuki Azərbaycan dost-qardaş Türkiyədən sonra Bakıda ikinci dövlət olaraq məhz Fransaya səfirlik açmağa imkan verdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra proses daha da gücləndi. Heydər Əliyev prezident kimi ilk xarici səfərini məhz Fransaya etdi. Yeri gəlmişkən, 2003-cü ildə bu jesti Prezident İlham Əliyev də geri çevirməyi. Heydər Əliyev Fransanı "Əsrin neft kontraktına" buraxmaqla bərabər 1996-cı ildə "Total" və "Elf Akiten"i "Lənkəran - dəniz", " Talış- dəniz" neft yataqlarında da birgə işə buraxdı. 1996-cı ildə isə Fransanın MQ həmsədrliyinə üçüncü tərəf kimi tanınması bu ölkəni bölgəmizin həm də siyasi arxitekturasının yenidən işlənməsinə yaxınlaşdırmaq kimi xoş məramlı jestin əsil zirvəsi oldu. Hansının ki, əvəzini Makronlar, Pekreslər yüz illər boyu "Azərbaycanın qapısında nökərçilik" etsələr də ödəyə bilməzlər. Ancaq bunu yox, açıq düşmənçiliklərini görürük. İlham Əliyevin prezident kimi ilk xarici səfərini Fransaya etməsinin ardınca bu ölkə ilə səmimi dostluğa cəhd kimi yozula bilən onlarca, yüzlərcə belə fakt göstərmək olar. Bakıda, Fransanın özündə Azərbaycanın bu niyyətlərini ifadə edən faktlar kifayət qədərdi. Makronun hətta Azərbaycanın ən ağır günləri olan Vətən müharibəsində erməni təcavüzünün "mübariz keşiyində" dayanması fakt deyilmi? Məhz Makronun xeyir - duası ilə hər iki parlament palatasının qondarma "DQR"-in tanınmasına çağırış qətnaməsi fakt deyilmi? Makronun "mən də erməniyəm" deyərək 24 apreli dönə - dönə "genosid" adlandırması fakt deyilmi? Bütün bu düşmənçiliklərdən sonra Prezident İlham Əliyevin Makrona yenə də şans tanıyaraq Brüsseldə onunla görüşə razılıq verməsi fakt deyilmi?

Görünür ki, nankorluq, haqq-say itirmək sağalan mərəz deyilmiş. Olsaydı, Pekres "məni öldürmək istəyir" deyib də bizim Prezidentə böhtan atmasını Makron bu qədər sükutla izləməz, XİN Driana da imkan verməzdi ki, seçkidə özünün formal rəqibi olan "respublikaçı" Pekresin yedəyinə düşərək İlham Əliyevin haqlı sözlərini "yolverilməz" adlandırsın. Təəccüblü bir şey yoxdur, Makron danışa, XİN Drian danışmaya bilməzdilər. Çünki hər üçü daxili siyasətdə fərqli düşərgələrdə olsalar da, Azərbaycana qarşı bir oynayırlar. Əks halda, elə ilk əvvəldən Makron nə qaniçən millətçi namizəd Zemmurun İrəvana, nə də radikal Pekresin Xankəndinə qanunsuz səfərinə izn verməzdi. Qarşıdakı yaxın dönəmlərdə qatı antiislamçı partiya olan "Rekonkistanın" prezidentliyə namizədinin də Xankəndinə və İrəvana səfərlər etmək cəhdlərini, eləcə də Makronun bu faktlara da susmasının şahidi ola bilərik.

Fransa prezidentliyi uğrunda vuruşan iddiaçıların İrəvan və Xankəndidə nə işi var? Burada seçici, elektoratmı var? Sizə "iylənmiş erməni" səsi, nəfəsi lazımdırsa , elə Fransanın özündəkilər kifayət etmirmi? Nə əcəb o murdar səsləri qat-qat çox erməni yaşayan ABŞ-da, Livanda, Suriyada axtarmırsınız?

Məntiqlə baxanda Makron Pekresin Xankəndiyə səfər olaylarına nəinki susmalı deyildi, əksinə Pekresi ifşa etməli, onu İlham Əliyevin haqlı etirazından qorumağa çalışan nazir Drianın isə ağzını cırmalı idi. Axı Pekres 44 günlük müharibədə Makronun həvəslə müdafiə etdiyi Paşinyanla birləşərək Qarabağa səfərin timsalında özünün seçkiqabağı siyasi reytinqini bərkitməyə çalışır?! Axı bunlar siyasi rəqiblər olaraq Makronun xeyrinə deyil..Lakin Makron normal məntiqin diktə etdiklərini etmədi, edə də bilməzdi, özünün sırf siyasi seçki maraqlarına uyğun olanları etdi. Əvvala, ona görə ki, Fransadan kənarlarda seçki kompaniyası aparmaqdan qat-qat artıq əndrəbadi oyunları özü onlardan qabaq oynayıb. İkinci, Makron 2017-ci ildə prezident seçildiyi seçkilərin təcrübəsinə söykənmək istəyir, dişi şirəyə batmış uğursuz tamahkarlar kimi...

Məlumdur ki, 2017- ci ilin seçkilərinin taleyi ikinci turda həll edildi. İkinci tura Makron və radikal Milli cəbhə lideri Mari Li Pen qalsalar da, üçüncü yeri tuta bilmiş Fransua Fiyonun 7 milyon səsinin az hissəsi Li Penə, çox hissəsi Makrona yönəldildi. Beləliklə, Makron 1- ci turun məğlub namizədi "Respublikaçı" Fiyonun səsləri hesabına özünü qalib edə bildi. Burada "Respublikaçı" namizəd məsələsini təsadüfən qabartmıram. ....O vaxtdan həm illər ötüb, həm də Makron bir sıra geosiyasi-geoiqtisadi müstəvilərdə Fransanın milli dövlət maraqlarını xeyli zədələyən dərəcədə istedadsız siyasət aparıb. Cənub Şərqi Asiyanın bir neçə ölkəsinin Fransa ilə milyardlarla dollar tutumu olan hərbi layihələrdən imtinası məhz Makronun dövründə baş verib. Mərhum Prezident Heydər Əliyevlə şəxsi münasibətlər zəmininə söykənərək Mitteranın Fransanı Qafüazda geosiyasi faktora çevirməsi kimi böyük nailiyyəti məhz Makron məhv etdi. Məhz Makronun sayəsində Fransa Qafqazdan yumşaq desək qovuldu. Bunlar sözsüz ki, Makronun nüfuzunu "küçə siyasətçilərindən" də aşağı salıb. Üstəlik, Sarkozi və Olland kimi sələflərindən fərqli olaraq Makron hakimiyyəti könüllü vermək istəmir və ucu Xankəndinə qədər uzanan oyunlar qurur.

O hesablayır ki, onun indiki 12 - yə yaxın rəqiblərinin bir hissəsi hələlik güclü bazaya söykənmir, bəziləri açıq millətçi platformadadır, bir hissəsi isə ötən seçkidə 3-cü yeri tuta bilmiş "Respublikaçılar" partiysının nümayəndəsi Pekres kimiləri. Makron hesablayır ki, 2017- ci ildə olduğu kimi bu dəfə də millətçilər revanş götürə bilməyəcək və əsas rəqib yenə də Pekresin təmsil etdiyi "Respublikaçılar" olacaq. Beləliklə, Makron rəqib səslərin yenə də millətçilərlə "Respublikaçı"ların arasında bölünəcəyinə ümid edərək Pekresin nüfuzunun müəyyən qədər artmasına xidmət edən addımların dəstəkçisinə çevrilir.

Burada Pekresin də ötən seçkinin məğlub namizədi olmuş "Respublikaçı" Fiyonun işini qələbəyə çatdırmaq kimi marağı var. Pərdəarxası seçki maraqları iki ermənipərəst namizədin- Makronla Pekresin Xankəndi və İrəvan müstəvisində yaxınlaşmasına səbəb olur. Pekresin "Xankəndi olaylarının" Maktonun da siyasi və seçki maraqlarında olduğu şübhəsizdir. Necə deyərlər," pişiyin könlündəki samanlıq idi, it də onu vurub saldı ora"..

Gen qazın, dərin qazın, özünüz gedəcəksiniz...Düşdünüz də...
Prezidentimizin dediyi kimi-Fransa müharibədən sonra Azərbaycan - Ermənistan normallaşmasında iştirak şansını da itirir...

Aydın Quliyev

"Bakı Xəbər" qəzetinin Baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə