"20 Yanvar faciəsi qan yaddaşımızdır"

Türkiyənin Samsun 19 May Universitetində (Ondokuz Mayıs Üniversitesi) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

SİA xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Samsun Azərbaycan Tələbələr Təşkilatı tərəfindən keçirilən mərasimdə universitetin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra çıxışlar dinlənilib.

Sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi bəşəri cinayəti əks etdirən film nümayiş olunub.

19 May Universitetinin tələbəsi Gülbəniz Qasımzadə 20 Yanvar faciəsi barədə müfəssəl məlumat verəndən sonra çıxışlar edilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov, azərbaycanlı professor Azər Qasımzadə, 19 May Universitetinin dosenti Said Kurşunoğlu, AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı və Samsun Azərbaycan Tələbələr Təşkilatının sədri Mikayıl Müşfiq 1990-cı ildə Azərbaycanda törədilən 20 Yanvar qətliamının səbəb və məqsədlərindən danışıblar. Diqqətə çatdırılıb ki, bu faciənin təməlində Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddiaları dayanır. Bu iddialara və keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə etiraz edən Azərbaycan xalqı küçə və meydanlara tökülüb öz haqq səsini ucaldırdı.

Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilən bu ağır cinayətə kəskin etirazını bildirərək, qətiyyətlə qanlı hadisənin səbəbkarlarının cəzalandırılmasını tələb etmişdir. İyirmi Yanvar cinayəti Sovet hakimiyyətinin əsl simasını açmışdır. Vurğulanıb ki, Azərbaycanın dövlətçilik tarixinə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi qazılan 20 Yanvar hadisələri heç zaman unudulmayacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan çıxışçılar şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edərək vurğulayıblar ki, dünya hərb tarixində böyük Zəfər qazanan qədirbilən Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının əziz xatirəsini uca tutacaq. Azərbaycan gəncləri dövlətçilik tarixini dərindən bilməli və hansı ölkədə olsalar da vətənimizlə həmrəy olmalıdırlar.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş AZƏRTAC-ın arxivindəki fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Sərgini ziyarət edən Samsunda təhsil alan tələbələrimiz 20 Yanvar faciəsinin əbədi olaraq qan yaddaşımızda yaşayacağını bildiriblər.

Mərasim bədii hissə ilə davam edib. Samsunda təhsil alan azərbaycanlı tələbələrdən ibarət “Ruzigar” musiqi qrupu zəfər sədalı ifalarla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə