Samuxda şəhid Ayxan Musayevin ildönümü qeyd olunub ANIM

29 noyabr 2021-ci il tarixdə vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan şəhidlərimizdən biri olan Musayev Ayxan Mehman oğlunun doğulduğu Gəncə şəhərində ildönümü qeyd olunub. Anım mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidimizin ruhuna dualar oxunub. Mərasim zamanı şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan, döyüşlər zamanı göstərdiyi şücaətdən danışılıb. Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2020-ci il tarixdə Gəncə şəhərində dünyaya gəlib, ancaq anası ilə birgə Samux şəhərində babasının yanında qeydiyyatda olub. Orta təhsilini Gəncə şəhərində alan Ayxan 2019-cu ildə SHXÇDX-nın Samux rayon şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilmişdir.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri olan Ayxan Musayev Vətən müharibəsində iştirak etmişdir. O, döyüşlər zamanı daim böyük qələbələrə nail olacaqlarını dilə gətirib. Son telefon əlaqəsi zamanı Şuşanın sevincini yaşayacağımızı qürur və mərdliklə bildirmişdi. Füzuli, Xocavənd və Cəbrayıl rayonları, habelə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. 08 noyabr 2020-ci il tarixində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə yaxınlığına düşmüş mina partlayışı nəticəsində aldığı ağır qəlpələrdən komaya düşüb yaralanmış, 20 gün koma vəziyyətində qaldıqdan sonra 28 noyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Musayev Ayxan Mehman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 29 noyabr 2020- ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında uğrunda canından keçdiyi torpağa tapşırılıb.

Allah şəhidimizə rəhmət eləsin. Ruhu şad olsun!

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə