Azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsi ərzində göstərilən həmrəylik, birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik. Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik ki, Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz.

Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq. Erməni işğalçıları dünya tarixində misli-bərabəri olmayan barbarlıq və vandallıq törədiblər. Misli görünməyən vəhşiliyin tək bir səbəbi var - Azərbaycan xalqına qarşı olan nifrət. Ötən bir il ərzində görülmüş işlər Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra insanları ora qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıl əməliyyatının çox böyük həlledici əhəmiyyəti var idi. Düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik. Strateji əhəmiyyət daşıyan kəndləri azad edəndən sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta aparan yol da artıq açılmışdı. Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfəri bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi belə önəmli hadisələrdən biridir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Həmçinin, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması da bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir ki, rayona gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının da təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana, məktəb, iş yerləri olacaq.

5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb. Azərbaycana qarşı yeni təxribatlar aparılır, biz buna hazır olmalıyıq. Heç bir məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstün ola bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə