Qazax siyasətçi: 2-ci Qarabağ müharibəsində ədalət bərqərar oldu - MÜSAHİBƏ

Muxtar Tinikeyev: "Ermənilər şəhərə etdiklərini görməmək üçün bizi Ağdamdan keçirməkdən imtina etdilər"

Qazaxıstanlı siyasətçi, Qazaxıstanın 7-ci çağırış Milli Məclisinin keçmiş deputatı Muxtar Tinikeyevlə “Caliber” analitik mərkəzinə müsahibəsində 90-cı illərin əvvəlində sülhməramlı missiya tərkibində bölgəyə səfərləri zamanı Qarabağla bağlı xatirələrini və regionda mövcud vəziyyətlə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Muxtar Bəkiroviç, 90 -cı illərin əvvəllərində Qarabağda sülhməramlı missiyada iştirak etdiniz. Bu nə idi?

- 1991-ci ildə Rusiya və Qazaxıstan prezidentləri Boris Yeltsin və Nursultan Nazarbayev Bakıya səfər etdilər və orada Qarabağ probleminin həllində birgə iştirak etməyi razılaşdırdılar. Rusiya, Qazaxıstan və Azərbaycandan olan bir qrup deputat və sülhməramlılardan ibarət işçi qrupu yaradıldı. Ölkəmizdən bura mən, müavin Primkulov, Qazaxıstan Daxili İşlər Nazirliyinin gələcək naziri İskakov, jurnalistlər və başqaları daxil idi. Rusiya tərəfdən bir deputat və bir neçə general var idi.

1991-ci ilin payızında bir ay Qarabağda olduq, insanlarla görüşdük, problemlərini öyrəndik. Sonra bizi götürmək üçün Bakıdan bir vertolyot göndərildi. Lakin erməni tərəfinin nəzarətində olan ərazinin üzərində uçarkən vertolyot vuruldu. Nəticədə Azərbaycan hökumətinin yüksək rütbəli nümayəndələri, Qazaxıstan Daxili İşlər Nazirliyinin nazir müavini Serikov da daxil olmaqla 8 general və bir neçə rusiyalı sülhməramlı öldürüldü. Həmçinin, məni köhnə Bakının ətrafına aparan, köhnə qalanı göstərən, ölkənin tarixindən çox maraqlı şeylər danışan SSRİ xalq deputatı Hüseynov da həmin vertolyotda öldü.

Bu hadisədən sonra danışıqlar prosesi dayandı.

- Ancaq yaddaşım məni aldatmırsa, sonradan münaqişə zonasına baş çəkmisiniz ...

- 1993-cü ildə sülhməramlıların 2-ci qrupu yaradıldı. Bura daxil idi: O vaxt Qazaxıstan Ali Soveti Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olaraq mən, Medetkan Şerimkulov - Qırğızıstan Ali Şurasının Sədri, Mixail Slyomnyov - Belarus Respublikası Ali Soveti Millətlərarası Münasibətlər üzrə Komitəsinin Sədri, Aslam Nazarov - Tacikistan Respublikası Ali Soveti Qanunvericilik, Qanunçuluq və İnsan Haqları Komitəsi sədrinin müavini, Viktor Yermakov - Rusiya Federasiyası Ali Soveti Sədrinin köməkçisi, Rusiya Federasiyası Xalq deputatı, Mixail Krotov - MDB Dövlətləri Parlamentlərarası Assambleyası Şurası katibliyinin rəhbəri.

Bu dövrdə Heydər Əliyeviç Azərbaycana təzə qayıtmışdı. Onunla Bakıda görüşdük, söhbət etdik və o, baş verənlərlə yaxından tanış olmaq üçün bizə qaçqın düşərgəsinə baş çəkməyi təklif etdi.

O çadır şəhərciyini həqiqətən ziyarət etdik, insanlarla söhbət etdik, sonra da Dağlıq Qarabağa uçduq.

Xatırlayıram ki, Azərbaycan tərəfi təhlükəsizliyimizi təmin etmək üçün 3 saat ərzində Ermənistan tərəfi ilə əlaqə saxlaya bilmədi. Axı o vaxt bütün Qarabağda döyüşlər gedirdi. Mən, Krotov və Yermakov cəbhə xəttini piyada keçdik, təxminən 700 metr məsafəni. İğğal edilmiş ərazilərə keçdikdə bizi erməni tərəfi qarşıladı və Stepanakertə (Xankəndi) apardı.

Maşında gedərkən bizi müşayiət edən ermənilərdən soruşmağa başladım ki, niyə Ağdamdan keçmirik? Axı mən 1991-ci ildə həmin şəhəri ziyarət etmişəm, o zaman ora gözəl, çiçək açan bir diyar idi. Xüsusilə, Ağdamda tez -tez baş çəkdiyimiz meyvə-tərəvəz bazarı yadıma düşür. Beləliklə, ermənilər mənə dedilər ki, yollar minalanıb, ona görə də başqa yol seçilib. Əslində, etdiklərini- dağıntıları və talan edilmiş evləri heç bir şəkildə göstərmək istəmədikləri üçün belə etdilər. Məncə, əsas səbəb budur.

Bizi Stepanakertə gətirdilər və orada gecələdik. O vaxta qədər Füzuli, Laçın Şuşa, Ağdam kimi şəhərlər artıq ermənilər tərəfindən işğal edilmişdi. Bilirsiniz, mən o vaxt düşünürdüm və indi də inanıram ki, Qarabağ Azərbaycan ərazisidir. Və bunu dəfələrlə bildirmişəm. Məsələn, Ermənistan və Azərbaycan tərəfinin nümayəndələrinin iştirak etdiyi Qarabağa həsr olunmuş verilişdə dəfələrlə Qarabağın Azərbaycan ərazisi olduğunu dedim.

Sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayanda (bu tarixi tam olaraq doğum günüm olduğu üçün daha yaxşı xatırlayıram) qeyd etdim ki, hərbi əməliyyatlar Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi üçündür.

- 1990-1993-cü illər arasındakı fərq nə idi?

- Qaçqınlarla görüşlərdə göz yaşları, tam gücsüzlük, ağrı və ümidsizlik gördük. 1991-ci ildə Qarabağda azərbaycanlılar yaşayırdı, 1993 -cü ildə artıq orada azərbaycanlı yox idi. 1991-ci ildə Ağdam, Şuşa, Laçın Azərbaycan əraziləri, 1993-cü ildə isə müharibə bölgəsi idi. Bu necə ola bilər? Fikrimcə, orada yerləşdirilən rus hərbçiləri Azərbaycana aktiv hərbi əməliyyatlar aparmağa imkan vermədi.

Bilirsiniz, müharibə heç vaxt yaxşı bir şey

gətirməmişdir. 1991-ci ildən 1993 -cü ilə qədər olan dövrlər arasındakı fərq çox böyük və təəccüblüdür, baxmayaraq ki, mən orada cəmi 2 il olmamışdım. Artıq Qarabağdakı Azərbaycan ərazisinə asanlıqla girə bilmədik. Erməni tərəfi guya hamısının minalanması faktına istinad etdi.

Biz dəfələrlə sülh şəraitində yaşamağı təklif etmişik, çünki ermənilər onsuz da Azərbaycan ərazisində yaşayırdılar və heç kim onları heç vaxt qovmadı.

Ancaq həqiqətlə üzləşmək lazımdır. Qarabağ Azərbaycan ərazisidir- təkcə ona görə yox ki, azərbaycanlılar müsəlmandır. Bu, tarixi bir həqiqətdir.

Azərbaycanlılar bizim qardaş xalqımızdır. Ancaq söhbət təkcə imandan getmir. Liderlərimiz arasında dostluq da vacibdir.

- Azərbaycan xalqının azadlıq müharibəsindəki qələbəsinə reaksiyanız necə oldu?

- Mən bir vətəndaş olaraq deyəcəyəm ki, ədalət bərqərar olub. Bakıda Şəhidlər Xiyabanını ziyarət etdim, şəxsən Azərbaycan xalqının dərdini gördüm.

30 il keçdi, amma hamımızın ağrısı, qanayan yarası heç yerə getmədi. Heç kim unudulmur, heç nə yaddan çıxmır. Mən bunu öz gözlərimlə görmüşəm, bilirəm, gürcü-abxaz, əfqan-tacik qarşıdurmalarında olmuşam, əlbəttə ki, müharibə qandır, qaçqınlar, anaların fəryadlarıdır. Millətlərarası məsələlərin incə xəttini anlamayan insanlar bu kədəri, bu partlayışları görmədilər. Bunu görməyən kimsə başa düşməz.

Qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...