Millət ilə onun vəkili arasında qütbləşmə yaradanlar KİMDİR? - TƏHLİL

Son günlər gündəmdə olan məsələ Eldəniz Səlimovun polis işçisinə xəsarət yetirməsi və bu səbəbdən deputatın toxunulmazlığına xitam verilərək həbs olunmasıdır. Digər tərəfdən isə, vəziyyətdən istifadə edən qüvvələr parlamentin buraxılması barədə şayiələr də yayırlar.

Çox keçmədən parlament məsələni yerinə qoymaq üçün iclas da keçirib. Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir.

Məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Baş prokurorun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Baş prokurora suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Bütün bu şərtlərə rəğmən bir sıra duputatlar bitərəf mövqedən qaçaraq qərəzli ifadələrdən istifadə etmişdir.

Təyin olunmuş qaydalara görə, Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Hadisə, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb, iş üzrə intensiv istintaq hərəkətləri aparılıb.

Bu hadisədən sonra, parlamentin buraxılması barədə fikirlər yayılsa da, çox keçmədən rəsmi bəyanatlar gəldi. “Azərbaycanda referendumun keçirilməsi və parlamentin buraxılması məsələsi gündəmdə yoxdur”. “Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırırıq”.

Məsələ barədə deputatlar da öz fikirlərini bildiriblər. Milli Məclisin İnsan hüquqları komitəsinnin sədr müavini Tahir Kərimli deyib. “Bu gün hər birimizin içində kədər var. Bu, onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb”.

“Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verdirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - o vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm kabinetdən çıxacam, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

“Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Barışdırardın, çıxıb gedərdi də. Xəsarət yetirib, eləyib də. İndi gündə bir adla bizi deputat səlahiyyətindən məhrum eləsinlər?! Onda camaat da düz deyir ki, parlamenti buraxaq” sözlərini Tahir Kərimli dünən parlamentin iclasında deyib.

Polis zabitini döyən həmkarı Eldəniz Səlimovun qanunsuz hərəkətini ört-basdır edilməsi təşəbbüsünü irəli sürdü. Yəni dəqiqliklə demək olar ki, bu sözlər, sadəcə, həmkarını müdafiəyə hesablanmamışdı. Bu sözlər ölkədəki ümumi deputat nüfuzunun müdafiəsinə hesablanmışdı.

Xatırladaq ki, millət vəkili Tahir Kərimli vaxtilə Azərbaycanın Ali Məhkəməsinin sədri olub və “Fəxr elə ki, səni deputat döyür”, - deyən Səlimovla eyni təfəkkürdə olduğunu açıq şəkildə parlament tribunasından elan etdi.

Beləliklə, demək olar ki, parlament buraxılmasa da, onun üzvləri arasındakı dəyişikliklər hələ sonlanmayıb. “Xəsarət yetirib, eləyib da”. Bu, bir deputat sözüdürmü? Söhbət təkcə polisin döyülməsindən getmir. Qanun heç bir kəsə qarşı zorakılıq etməyə imkan vermir. Əmin olmaq olar ki, bu düşüncəyə sahib olan deputatlar da daxil olmaqla bütün dövlət işçiləri də layiq olduqları cəzanı alacaqlar. Çünki dövlətin verdiyi səlahiyyətdən və nüfuzdan sui-istifadə etmək, millətin etimadını yanıltmaq heç bir dövlət qulluqçusuna yaraşmaz. Millətin vəkili, millətin hüquqlarını müdafiə etməlidir. Onların istər vətəndaşa, istərsə də polis işçisinə zərər verməsi birmənalı olaraq qəbul edilmə bilməz.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov İctimai Televiziyanın "Diqqət mərkəzi" verilişində qonaq olarkən deyib: "Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı, bəzən mən deyirdim ki, bu, nə qədər tərbiyəli oğlandı. Kaş ki, bizim deputatların hamısı belə olsun. Bir də görürsən ki, kənarda daha çox tərbiyəli görünən insan ortalığa çıxanda tərbiyəsiz hərəkətlər edən adamdır. Yəni, insanları tanımaq olmur. Amma bütün hallarda deputat o adam olmalıdır ki, axı səni mötəbər bir məclisə seçiblər. Milli Məclisin deputatı böyük addır, şərəfli addır. Sənin nişanın var, toxunulmazlığın var. Konstitusiya ilə sənə güzəştlər verilib. Bunu yerə vurmaq olarmı?"

O, polisə qarşı nalayiq hərəkətlərə yol verən Eldəniz Səlimov haqda danışarkən onu da qeyd edib ki, bəzi deputatlar baş verənləri anlamırlar: "Deputat həmkarımın hərəkətinə görə iki gecədir yata bilmirəm. Milli Məclisdə də deputatların çoxu bunun üçün narahat oldular. Artıq narahatlıqdan keçib, çünki günah bunun özündə olub. Bu adam deputatlıq statusundan istifadə edib, özü üçün hər şey yaradıb. Mən onları bilmirəm, amma belə deyirlər. İnsan nə qədər yuxarı qalxırsa, o qədər başını aşağı dikməlidir. Qudurma söhbəti var da... İnsan qudurmamalıdır. Mən bunu təhqir mənasında demirəm. Sadəcə, fikrimi ifadə etmək istəyirəm ki, insanın nə qədər imkanı genişlənirsə, hörməti artırsa, bir o qədər də başıaşağı, təvazökar olmalıdır", - deyə E.İbrahimov qeyd edib.

Digər tərəfdən, “Onda camaat da düz deyir ki, parlamenti buraxaq" cümləsini işlədən Tahir Kərimli, nəzərə almalıdır ki, parlamenti buraxmaq fikri xalqdan yox, vəziyyətdən istifadə edən müxalif qüvvələrdən çıxıb. Yəni bu fikir xalqdan çıxsa belə, bu cür situasiyada bir deputat tərəfindən deyilməməli idi. Bu cümlənin qabardılması daha da qütbləşdirmə yaradaraq, vəziyyəti daha da qəlizləşdirir.

Tahir Kərimlinin “Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək” bu fikir isə problemi daha da alovlandırmaqdan başqa ortaya digər məsələlər də atır. Deməli, deputat hesab edir ki, ya rəsmi qurumlar, sadəcə, şərləməklə məşğuldurlar, ya da bütün deputatlar qanun pozuntuları ilə məşğuldur.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə