Aleksandr İskəndəryan: Ermənistan başa düşür ki, yeni müharibə üçün heç bir resursu yoxdur - MÜSAHİBƏ

Tanınmış erməni politoloq, Qafqaz İnstitutunun (İrəvan) direktoru Aleksandr İskəndəryan “Caliber” analitik informasiya mərkəzinə müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri barədə maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Bu gün Ermənistan cəmiyyətində revanşist hisslər nə qədər güclüdür? Doğrudanmı Azərbaycanla sülhün tərəfdarı olanlar var?

- İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal edilmiş ərazilərini hərbi yolla geri qaytarmaq istəyini revanşizm kimi qəbul etsək, deyə bilərik ki, Ermənistan cəmiyyətində belə hisslər yoxdur və ya onlar marjinaldır. Cəmiyyət belə bir həllin mümkünsüzlüyünü anlayır, başa düşür ki, yeni müharibə üçün heç bir resurs yoxdur və buna görə də revanşizmi dəstəkləyən heç bir ciddi siyasi qüvvə yoxdur.

Təbii ki, erməni cəmiyyətində Azərbaycanla sülhün tərəfdarı olan insanlar olub və indi də var. Düşünürəm ki, onlar çoxluq təşkil edir. Bu başqa bir məsələdir ki, bu dünyanın parametrlərini ermənilər və azərbaycanlılar çox fərqli görürlər, hətta Ermənistan və Qarabağ daxilində də bu dünya haqqında fikirlər fərqlidir.

- Paşinyan iyun seçkilərində qələbə qazandı. Sosial şəbəkələrin erməni seqmentində oxuduğumuz kimi, ona səs verənlər seçimlərini Paşinyana yox, Koçaryanın və "Qarabağ klanının" geri dönməsinə qarşı səs verməkləri ilə izah etdilər. Yəni erməni cəmiyyəti iki pisdən ən az pis olanı seçdi, yoxsa hələ də daha yaxşı gələcəyə ümidlərini Paşinyana bağlayırlar?

- Sosial media ictimai əhval-ruhiyyənin son dərəcə spesifik bir göstəricisidir və çox diqqətli davranılmalıdır. Onlarda əks olunan sosial baloncuklar reallığı təhrif edə bilər. Məsələn, sosiologiyaya görə, Paşinyana səs verən insanlar, əsasən, sosial şəbəkələrdə xüsusilə aktiv olan sosial təbəqələri təmsil etmirdilər. Şübhə yoxdur ki, bu seçkilərdə həm müxalifət düşərgəsində, həm də Paşinyan tərəfdarlarının və tərəfdaşlarının düşərgəsində onun əleyhinə səs verənlər var idi. Təbii ki, erməni cəmiyyəti "pislərdən nisbətən yaxşısını" seçdi. Bu, demokratik seçkilərin əlamətlərindən biridir.

- Tarix sentimental əhval-ruhiyyəni tanımır, amma yenə də bir anlıq təsəvvür edək. 33 il əvvəl, 1988-ci ilin fevralında, o zamankı DQMV-də və İrəvanda Qarabağın Azərbaycandan ayrılması üçün mitinqlərin başladığı vaxta qayıdaq. Əgər o vaxt mitinqlərə qatılanlar bunun nəyə gətirib çıxaracağını bilsəydilər,-müharibədə həlak olan on minlərlə həlak olanlar, yüz minlərlə qaçqın, Ermənistandakı ağır iqtisadi vəziyyət, xüsusən 90-cı illərin əvvəllərində Ermənistandan genişmiqyaslı köç və 2-ci Qarabağ Müharibəsinin nəticələri- sizcə, o zaman mitinqlərə çıxardılarmı? Həqiqətən də son müharibədə 1988-ci ildə "miatsum" deyənlərin oğulları və hətta nəvələri öldü.

- O mitinqləri yaxşı xatırlayıram. Düşünmürəm ki, insanlar mitinqlərə çıxmağın və sərt şüarlar səsləndirməyin nəticələrinin nə olacağını bilirdilər. Mənə elə gəlir ki, onların çoxu problemin sivil üsullarla, referendum və ya plebisit kimi insanların iradəsinin ifadəsi ilə həll olunacağına ümid edirdi. Hər halda, 1988 -ci ilin fevralında ümidlər tam olaraq belə idi. Əgər başa düşsəydilər... Bu mövzuda fikir yürütmək mənim üçün çətindir, bəlkə reaksiyanın dərəcəsini və növünü əvvəlcədən bilsəydilər, tələblərində fərqli olardılar. Ancaq bunu qiymətləndirmək həqiqətən çətindir.

- İrəvan niyə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına və sərhədlərin demarkasiyasına bu qədər qəti şəkildə qarşı çıxır? "Qarabağın müəyyən edilməmiş statusu" ilə bağlı cavabınızı gözləyərək dərhal deyəcəyəm ki, Bakı üçün bu məsələ birdəfəlik həll edilib. Bu mövqe dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilib. Və artıq hamının əmin olduğu kimi, həmişə sözlərinin arxasında durur.

- Çünki təmas xəttində baş verənlər Ermənistanda demarkasiya yox, hərbi təzyiqlərin davamı kimi qəbul edilir. Demarkasiya və delimitasiya, sərhəddə atışma deyil, paritet danışıqlar prosesinin bir növüdür. Azərbaycan özününkü hesab etdiyi ərazinin təxminən 4%-nə nəzarət etmir. Fərqli bir hüquqi sahə var, insanlar fərqli bir dildə danışır, fərqli bir valyuta funksiyasına sahibdirlər, fərqli pasportlara və fərqli bir şəxsiyyətə sahibdirlər, özlərini "Artsax Respublikası"nın (dırnaq işarəsi redaksiyanındır) vətəndaşı hesab edirlər ki, bunu da Azərbaycan tanımır. Azərbaycanda bunun "birdəfəlik" həll olacağını düşündükləri ehtimalı yoxdur. Və əgər belədirsə, deməli, məsələ həll olunmayıb.

- Ermənistan Azərbaycanın təklif etdiyi kommunikasiya və sərhədlərin açılmasının faydalarını başa düşürmü?

- Ermənistanda, ümumiyyətlə, Azərbaycanın bunu Ermənistanın faydası üçün etdiyini düşünmürlər. Azərbaycanın məqsədlərinə çatdığını, yəni Azərbaycanın şərqindən Naxçıvana, oradan da Türkiyəyə bir dəhlizin yaradıldığını düşünürlər.

- Bu gün müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə yaşayan həmin Qarabağ sakinlərinin gələcək taleyini necə təsəvvür edirsiniz? Anlamaq lazımdır ki, rus sülhməramlıları əbədi olaraq orada deyillər və gec-tez Qarabağı tərk edəcəklər. Bu, o deməkdir ki, Qarabağ erməniləri istər-istəməz bir seçimlə qarşılaşacaqlar - Azərbaycan vətəndaşlığını qəbul etmək və ya Ermənistana getmək.

- Bu gün bu problemin həllini təsəvvür edə bilmirəm, aydındır ki, bir ildən artıq müddətdə qeyri-müəyyən vəziyyətdə qalacaq.

- Aleksandr Maksoviç, siz Bakıda doğulub boya-başa çatmısınız və buna görə də sizə bu son sualı verməyə bilmərəm: sizcə, ermənilərlə azərbaycanlıların birlikdə yaşaması mümkündürmü?

- Şəxsi tərcümeyi-halımın bununla heç bir əlaqəsi yoxdur. Yeni Zelandiyada anadan olsam belə, başa düşərdim ki, əbədi münaqişələr yoxdur, gec-tez bunların hamısı bitəcək. Fransızların artıq almanlarla qonşu yaşaya bilmələri və almanların yəhudilərlə ünsiyyət qura bilmələri. İrlandiya Respublikası və İrlandiyalılar Britaniyaya vizasız gedə bilərlər. Üstəlik, bilirəm ki, indi də azərbaycanlıların yanında, məsələn, Gürcüstanda və ya İranda ermənilərin yaşadığı yerlər var. Əlbəttə ki, müharibə, qaçqınlar, qurbanlar bu cür sosial barışmanın tez və asan ola biləcəyini düşünməyimə icazə vermir, amma əsas etibarilə, əlbəttə ki, insanların mübarizə edə biləcəyini başa düşürəm, lakin istək olanda insanlar dəhşətli müharibələrin ən ağır nəticələrini belə dəf edə bilirlər.

Tərcümə- Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə