"Ermənilərin səsini kəsməyə çox ciddi imkan və potensialımız var" - MÜSAHİBƏ

Hərbi eskpert Ədalət Verdiyevin SİA-ya müsahibəsini təqdim edirik:

- 44 günlük müharibənin bitməsinə baxmayaraq, amma hələ də erməni təxribatları davam edir. Bundan əlavə rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən keçərək Şuşa şəhəri ətrafındakı Azərbaycan ordusunun mövqelərini atəşə tutublar. Bu kimi təxribatlar nəyə hesablanıb? Bu kimi təxribatların arxasında nə dayanır?

- Bu təxribatlar adətən Paşinyan havadarları olan hansısa dövlət rəhbərləri ilə danışıqlar, görüşlər etdikdən sonra baş verir. Təbii ki, bu təxribatların pik nöqtəsi Ağdamda bizim baş gizirimizin yaralanması ilə baş verdi. Rus sülməramlılarının müvəqqəti nəzarəti olduğu ərazidə erməni qüvvələri atəş açaraq bizim silahsız gizirimizi yaraladılar. Əfsuslar olsun ki, indiyənə qədər nə sülhməramlı kontingentindən, nə də ki, aidiyyatı qurumlardan bizi qane edən, məntiqə sığan açıqlama eşitməmişik. Əgər, Azərbaycan ərazisindən Azərbaycan əsgərinə atəş açılacaqsa və bununla bağlı aidiyyatı qurumdan cavab almayacayıqsa, o zaman biz həmin ərazilərdə təmizləmə işləri aparmağa məcburuq. Bunun başqa bir yolu yoxdur. Çünki həmin ərazilərdəki silahlılar 8 ay bundan qabaq çıxarılmalı idi. Demirəm ki, çıxarılma baş verməyib. Amma ki, çıxarılmanın templəri bizi qane etmir. Artıq atəşkəs dəfələrlə pozulub. Maraqlı məqam isə ondadır ki, erməni terrorçularının qaytarılmasından sonra atəşkəsin pozulması halları çox intensivləşib. Halbuki Rusiya tərəfindən verilən bəyanatlarda elə səslənir ki, sanki heçnə baş verməyib. Azərbaycanın səbrini daşırmağa risk etməsinlər. Əlimizdə ermənilərin səsini kəsməyə, atəşin qarşısını birdəfəlik almağa çox ciddi imkan və potensialımız var.

- Ermənistan Baş naziri Nikol Paşinyan öz köməkçisi Qagik İsaxanyanı niyə Qarabağa göndərdi? Bu, nəbz yoxlanışıdır, yoxsa Azərbaycanla yeni anlaşma üçün hazırlıq gedir?

- Ermənistandan gələn hər şəxsi qadağan etməklə biz prosesləri irəli apara bilmərik. Biz qoyduğumuz xətt ora silahlıların gəlməməsidir. Amma siyasilərin gəlməsinin Azərbaycanla razılaşdırılması ilə həyata keçirilməsini mən istisna etmirəm. Orada pis və ya yaxşı şəraitdə yaşayan ermənilər var. Ermənistan hakimiyyəti orada yaşayanları nəyəsə razılaşdırmalıdır və ya yerində araşdırmalıdır.

- Paşinyanın köməkçisi hələ də ordadır. Şuşa ətrafındakı təxribat bununla əlaqəli ola bilərmi?

- Heç bir şeyi istisna etmək olmaz. Təxribatın qarşısının alınmasının bir yolu var. Qarabağın sülhməramlı olan ərazisindən yenə Azərbaycan ərazisinə atılan kiçik bir daş bizim üçün təhdiddir. Həmin ərazinin külü yerə sovrulmalıdır. Əslində Ermənistan həmin ərazilərdə bizə atəş açmaqla cavab atəşi açmağa bizi təhrik edir. Orada rus sülhməramlılardan biri yaralansın və məsələ böyüsün. Rusiya bunu hələ anlamayıb. Belə olan vəziyyətdə Rusiya kimi qocaman bir dövlət anlamır ki, Şuşadan Şuşanın atəşə tutulmasına Azərbaycan necə adekvat cavab verə bilər?

- Bildiyimiz kimi bir neçə gün öncə diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş torpaqlara səfər etdilər. Bu səfərdə ATƏT-in Minsk qrupunun üzvü olan 3 ölkənin səfirləri bu səfərə qatılmaqdan imtina etdilər. Bu hərəkətlə onlar Ermənistana stimul verdi. Bu təxribatlar bununla əlaqəli ola bilərmi?

- Əlbəttə, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın Azərbaycandakı səfirlərinin Qarabağa səfərdən imtina etmələri Azərbaycana qarşı qərəzli mövqe və ermənilərin qismən dəstəklənməsi kimi qələmə verilə bilər. Həmsədr ölkələrdən yalnız ABŞ nümayəndəsi məntiqsiz bir açıqlama ilə izah etdi ki, biz getmirik, getmədiymizin də səbəbini heç kimə demirik. Amma burada bir məsələ var ki, onlar sanki Azərbaycanın qələbəsinə qısqanclıqla yanaşırlar. Digər tərəfdən əgər Rusiya sülhməramlı kontingentini Qarabağda yerləşdirirsə, Ağdamda monitorinq mərkəzi yaradırsa, onun səfiri Şuşaya getdi və ya getmədi nə fərqi? Digər tərəfdən sülhməramlı kimi əks tərəfdən də Ermənistanla Qarabağda iştirak etməsi nəyi dəyişərdi? Qarabağın 30 illik işğalı dövründə Ermənistan bir səfiri belə Qarabağa apara bilməmişdi. Amma biz 50 səfiri birdən apardıq. Bütün bunları onlar yavaş-yavaş qəbul edəcəklər. Amma bu kimi addımlar cavabsız da qalmamalıdır.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə