28 aprel işğalı - AXC-nin süqutundan 101 il keçir TƏHLİL

Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi”

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Lakin çar Rusiyasının müstəmləkəçilik siyasətini gerçəkləşdirən bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyətinin var olduğu 23 ayda onu daim yıxmağa cəhd edirdilər. XX yüzilin başlanğıcında Rusiyada baş verən sosialist inqilabının havası Azərbaycandakı ictimai zümrələr arasında bölücülüyə gətirib çıxardı. 101 il qabaq Azərbaycanda hakimiyyətin bolşeviklərə təslim edilib-edilməməsilə bağlı parlamentdəki gərgin dartışmalar zamanı Səmədağa Ağamalıoğlu heç nə olmayıbmış kimi "O olmasın, bu olsun" demişdi. Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı. 28 Aprel fəlakəti baş verməyə bilərdimi? Görəsən, fəlakətin baş verməsini yaradan nədənləri niyə vaxtında görə və qarşısını ala bilmədik? Xalq niyə Demokratik Cümhuriyyəti sözün əsl mənasında qorumaq gücündə olmadı? Qərb bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, başqa yandan da Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tərəddüdlə qarşılayırdı. 23 ayda Cümhuriyyətin içində ayrı-ayrı güclər tərəfindən çoxlu iğtişaşlar törədildi. Təbiidir ki, bu, hökumətin qüvvəsinin parçalanmasına, bir neçə tərəfli mübarizə aparmasına səbəb olurdu. Müsavatçılar müxtəlif siyasi güclərlə əməkdaşlığa getdilər. Bir neçə dəfə kabinet dəyişikliyi baş verdi. Belə bir durumda ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu ehtişamlı ideyalar fəhlə və kəndliləri şirnikləndirirdi. "Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə" şüarı cəlbedici səsləndiyi dərəcədə milli dövlətimizi yıxacaq güc halına gəlirdi. Azərbaycanın içindəki müxtəlif əqidəli bəzi şəxslər son məqamda satqınlıq etdilər. Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illərdə tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dönəmin inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Çox az sonra, 1930-cu illərdə bu şəxslərin demək olar, hamısını sovet ideologiyası məhv etdi.

Fəlakət yeni faciəli hallar yaratdı: 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə repressiyalar törədildi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən yırtıcı üsullara əl atıldı. Təəssüf ki, hələ də soydaşlarımız 28 Aprel fəlakətinin yaratdığı fəsadları, Demokratik Cümhuriyyətin çöküşünü tam anlamayıblar. Belə bir gərgin zamanda cümhuriyyəti nəinki elan etmək, üstəlik, onu 23 ay yaşatmaq hünər idi. Ancaq Müsavat hökuməti təəssüf ki, gördüyü böyük işin dəyərini, önəmini kütlələrə istənilən səviyyədə anlada bilmədi. Və 28 aprel Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti süquta uğuradı.Bu Vətən uğrunda onminlərlə şəhid verilərək müstəqilliyi qazanılıb. Tarixdə buraxılan səhvləri təkrarlamağa heç kimin haqqı yoxdur!

“Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır”- Ulu Öndər Heydər Əliyev

Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirmişlər. Qeyd etmək lazımdır ki, Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətinin əsas hissəsini, ilk növbədə, Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsini həll etmək idi. Çətin beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş və hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara almışdı. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru paşanın başçılıq etdiyi 300 nəfər məsləhətçidən ibarət türk hərbi nümayəndəliyi ilə yanaşı, Qafqaz İslam ordusunun şəxsi heyətinin təxminən yarısı yerli əhalidən toplanmış könüllülərdən ibarət idi. 1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır şəraitdə, eləcə də soyqırımı taleyini yaşamış Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi. Bu baxımdan, ordu quruculuğu istiqamətində iyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə, iyul ayının 15-də Fövqəladə Təhqiqat komissiyası yaratmaq barədə qərar qəbul olundu və komissiya Birinci Dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində bütün türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırımı cinayətlərinin araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etməli idi. Bir sözlə, aprelin 28-də XI Qızıl ordunun Azərbaycanı işğalı ilə Xalq Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı.

Belə ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli-azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan etmişdir. Lakin əsrin sonunda öz istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq üçün ciddi maneələrlə qarşılaşdı. Heç şübhəsiz ki, bu, ilk növbədə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi.

Yalnız 1993-cü ilin ikinci yarısından ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələr qurur. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmiş və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən Prezident İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir.

Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulamışdır. Ona görə ancaq Azərbaycan xalqının iradəsinə, gücünə arxalanmağı bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin vacibliyini bildirməklə yanaşı qeyd etmişdir ki, “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər. Hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”. Bu baxımdan, Prezident İlham Əliyev 2019-cu il mayın 27-də 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda nitqində bildirmişdir: “2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik”.

Bununla yanaşı, ölkəmizin hərbi qüdrətinin gücləndiyini diqqətə çatdıran Azərbaycan Prezidenti qeyd etmişdir ki, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır: “Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcəkdir. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq”.Prezident İlham Əliyev bildirmişdir ki, biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq: “Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəyə baxsa görər ki, Azərbaycan işğala məruz qalan ölkədir. Bu məsələ ilə bağlı biz bundan sonra da ardıcıl siyasət aparacağıq. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Biz bu mövqedən dönməyəcəyik. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və müvafiq beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir”. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Bu baxımdan, dövlət başçısı bəyan etmişdir ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı: “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”

Bəli, Azərbaycan xalqı 101 il öncə ilk dəfə Şərdə demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu yaşadısa, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdusa, 1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra əldə olunan müstəqilliyimiz bir anda süquta doğru gedəcəkdi.

Ulu Öndərin ruhu şaddır

Bəli, Ulu Öndərin ruhu şaddır. Artıq torpaqlarımız nə düşmən tapdağında qalacaq, nə də müstəqilliyimiz süquta uğrayacaq. Çünki bu gün müstəqil Azərbaycan Respublikasının rəhbəri, Müzəfər Ordumuzu Ali Baş Komandanı, «Dəmir yumruq» siyasətini müəllifi, Qalib Sərkərdə İlham Əliyev ədaləti, ərazi bütgvlüyüumüzü bərpav etdi, 30 il həsrətində olduğumuz Qarabağ Azərbaycanımızı özümüzə- sahibinə qaytardı, müstəqilliyimizi möhkəmləndirdi. Bu gün Azərbaycan strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır. Bu gün artıq «qaçqın və köçkün» ifadəsi işlənmir. Çünki işğaldan azad olunmuş torpaqlarda ilk gündən böyük quruculuq, abadlıq işləri aparılır. Artıq bu gün əbədiliyimiz daimidir və möhkəmlənməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Azərbaycan Respublikasının yaranması ilə bağlı keçirilən mərasimdə dediyi kimi: “Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”. Qalabağ Azərbaycandır!!!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə