"Azərbaycan və Pakistan arasında dostluq münasibətləri daim inkişaf edir" - ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında çox yaxın dostluq və qardaşlıq münasibətləri mövcuddur. Ümumiyyətlə, Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji tərəfdaşlıq və qardaşlıq prinsiplərinə əsaslanır".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və haqq işini dəstəkləyən ölkələrdən biri olub. Xüsusilə qeyd etmək lazımdır ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə uzun illər Ermənistanla diplomatik münasibətlər qurmayıb və sərhədlərini açmayıb. Bu, Pakistanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyin bariz nümunəsidir.

44 günlük Vətən müharibəsi dövründə, eləcə də sonrakı antiterror tədbirləri zamanı Pakistan Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Pakistan beynəlxalq təşkilatlar çərçivəsində də daim Azərbaycanın mövqeyini müdafiə edib və ölkəmizin ədalətli siyasətinə dəstək göstərib.

Eyni zamanda Azərbaycan da Pakistanla münasibətlərə xüsusi önəm verir. İki ölkə arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlıq davamlı şəkildə inkişaf edir. Azərbaycan Pakistanın terrorizmlə mübarizə məsələlərində və regional təhlükəsizliklə bağlı mövqeyini dəstəkləyir.

Bütün bunlar göstərir ki, Azərbaycan–Pakistan münasibətləri yalnız dövlətlərarası əməkdaşlıq deyil, eyni zamanda xalqlar arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslanır və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə