"Nikahın etibarsızlığı uşaqların hüquqlarını məhdudlaşdırmır" - VƏKİL AÇIQLADI

"Azərbaycan ailə hüququnda nikahın etibarsızlığı məsələsi çox zaman sadə görünən, lakin dərinliyinə getdikcə son dərəcə incə hüquqi prinsiplər üzərində qurulan bir məsələdir".

Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, nikah bağlanarkən hüquqi maneə mövcud olubsa, bu, avtomatik olaraq həmin nikahın sonsuza qədər etibarsız qalacağı anlamına gəlmir: "Ailə Məcəlləsinin 27.1-ci maddəsi məhkəməyə mühüm bir səlahiyyət verir: əgər maneə məhkəmə işə baxanadək aradan qalxıbsa, məhkəmə nikahı maneənin aradan qalxdığı vaxtdan etibarlı hesab edə bilər.

Burada “edə bilər” ifadəsi çox vacibdir. Bu, avtomatik nəticə deyil, məhkəmənin bütün halları qiymətləndirərək verdiyi qərardır.

Praktikada bu norma, məsələn, nikah bağlanarkən yaş həddinə çatmamış şəxsin sonradan yetkinlik yaşına çatması və ya əvvəlki nikahı rəsmi qaydada pozulmadan yeni nikaha daxil olmuş şəxsin həmin nikahının sonradan hüquqi qaydada başa çatması hallarında tətbiq olunur.

Bu prinsip hüquqda “konvalidasiya” adlanır. Yəni qüsurlu əqdin sonradan qüsurun aradan qalxması ilə hüquqi qüvvə qazanması nəzərdə tutulur. Sadə izahla, əvvəlcə hüquqi baxımdan problemli olan bir əməl və ya sənəd sonradan qanunun tələb etdiyi şərtlər yerinə yetirildiyi üçün etibarlı hesab olunur.

Saxta nikah məsələsi isə ayrıca prizmadan baxılmasını tələb edir. Ailə qurmaq niyyəti olmadan, sənəd əldə etmək, vətəndaşlıq qazanmaq və ya miras hüququndan istifadə etmək kimi formal məqsədlərlə bağlanan nikah, prinsip etibarilə, etibarsız sayılır.

Lakin Ailə Məcəlləsinin 27.3-cü maddəsi burada mühüm bir istisna müəyyən edir. Əgər tərəflər məhkəmə işinə baxılanadək faktiki olaraq ailə qurublarsa, məhkəmə artıq həmin nikahı saxta hesab edə bilməz.

Bu normanın arxasında dərin hüquqi fəlsəfə dayanır. Məhkəmə formal niyyətdən deyil, real həyatda yaranmış ailə münasibətlərindən çıxış etməlidir. Yəni birgə yaşayış, ortaq məişət və ər-arvad münasibətlərinin mövcudluğu ilkin qüsuru sonradan aradan qaldırır.

Ailə Məcəlləsinin 27.4-cü maddəsi vərəsəlik mübahisələrində xüsusi əhəmiyyət daşıyır. Qaydaya görə, nikah artıq pozulubsa, həmin nikah sonradan etibarsız sayıla bilməz.

Bu normanın praktiki əhəmiyyəti xüsusilə bir tərəfin vəfatından sonra üzə çıxır. Belə hallarda bəzi varislər miras payını azaltmaq məqsədilə əvvəllər pozulmuş nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət edirlər. Ailə Məcəlləsinin 27.4-cü maddəsi bu cür iddiaların qarşısını qəti şəkildə alır.

Nikah bir dəfə pozulubsa, o, başa çatmış hesab olunur, etibarsız sayılmır.

Lakin bu qaydanın iki mütləq istisnası var. Tərəflər arasında qanunla qadağan olunmuş qohumluq mövcud olduqda və ya nikah bağlanarkən tərəflərdən birinin başqa şəxslə pozulmamış nikahı olduqda bu müdafiə tətbiq edilmir. Çünki belə hallarda söhbət ictimai qaydaya zidd olan mütləq hüquqi maneələrdən gedir.

Bütün bunlarla yanaşı, bir məqamı xüsusi vurğulamaq lazımdır. Nikahın hüquqi statusundan asılı olmayaraq, həmin nikahdan doğulan uşaqların hüquqları, o cümlədən vərəsəlik hüquqları tam şəkildə qorunur.

Uşaqların hüquqi vəziyyəti nikahın hüquqi taleyindən asılı deyil. Bu, Azərbaycan ailə hüququnun ən humanist prinsiplərindən biridir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə