YAP Tovuz rayon təşkilatının Şura iclası keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı Şurasının iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda İdarə Heyətinin 2020-ci ilə dair illik hesabatı, rayon təşkilatı Gənclər Birliyinin və Qadınlar Şurasının fəaliyyəti haqqında hesabat, eləcə də 2021-ci il üçün fəaliyyət planı müzakirə olunub.

Şura iclasında ilin ən önəmli hadisəsi kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qalibiyyətlə başa çatan Vətən müharibəsindəki uğurlarımızdan,bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs olunub. Qeyd edilib ki, ötən ilin iyul ayında Ermənistan Tovuz istiqamətində təxribat törədib. Amma burada düşmənə layiqli cavab verilib,hadisələr zamanı rayon əhalisi böyük həmrəylik və vətəndaş məsuliyyəti nümayiş etdirib. Vətən müharibəsində də iştirak edən tovuzlular şərəfli döyüş yolu keçiblər. Onlardan iki nəfəri Prezidentin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

İclasda 2020-ci il fevral ayının 9-da Milli Məclisə seçkilərin keçirilməsində, habelə koronavirus pandemiyasına qarşı mübarizənin aparılmasında YAP rayon təşkilatının könüllülərinin fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, 2020-ci ildə təşkilatın könüllüləri pandemiya ilə mübarizə çərçivəsində aztəminatlı ailələrə Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, eləcə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ayrılmış yardımların çatdırılmasını təmin edib.

Şura iclasında həmçinin rayon təşkilatının 2020-ci ilə dair gəlirləri və xərcləri barədə ətraflı hesabat verilib, cari il üçün fəaliyyət planı qəbul olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...