AXP-AMDP arasında dava-dalaş QARŞIDURMA

Nemət Pənahlı: “Pənah Hüseynin qolunu qırmışam”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı arasında qalmaqal baş verib. SİA xəbər verir ki, buna səbəb hər iki müxalifət partiyası liderlərinin debat keçirdikləri zaman bir-birlərinə “agent” ittihamı səsləndirmələridir. Daha dəqiq desək, N.Pənahlı P.Hüseyni və digərlərini “KQB” agent”i adlandırıb, azadlıq hərəkatı zamanı milli maraqları satmaqda günahlandırıb və qeyd edib ki, belə məsələlərə görə bir neçə dəfə aralarında qarşıdurmalar yaşanıb.

“Pənah Hüseyn baş nazir vəzifəsində çalışanda və digər vaxtlarda da üstümə gəldi, bacarmadı”, deyən AMDP sədri zamanında ona ağır xəsarət yetirdiyini də gizlətməyib. “Hətta bir dəfə hücum etdi, onda da qolu qırıldı, 6 ay sarıqlı gəzdi”, N.Pənahlı bildirib.

Pənah Hüseyn: “Nemət Pənahlının başına yumruq vurdum girdi stolun altına”

AXP sədrinin N.Pənahlıya cavabı gecikməyib. Belə ki, o da vaxtilə N.Pənahlını necə “döydüyünü” bildirib və qeyd edib ki, onun başına yumruq zərbələri endirib. Hətta əlində həmin anın təsvirlərini sübut edən fotoların da olduğunu deyən P.Hüseyn, “Başına yumruq vurdum, girdi stolun altına. Şəkilləri də təqdim edə bilərəm...”, deyə cavab verib.

Xatırladaq ki, artıq 30 ildən çoxdur ki, milli azadlıq hərəkatı dövründə müxtəlif qruplarda təmsil edilən və hazırda da siyasi arenada müxalifət cinahında yer alan bir çox şəxslər həmin dövrlərdəki fəaliyyətlərini, baş verənləri təhlil edərkən, bir-birlərinə “satqın”, “agent” kimi ittihamlar irəli sürürlər və nəticədə sözügedən halların yaşanması da ilk dəfədir ki, baş vermir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...