"Dövlətimiz sistemli tədbirlər həyata keçirir" Rüstəm Nağıyev

“2020-ci ildə əldə olunmuş zəfər Azərbaycanın regiondakı iqtisadi-siyasi mövqeyini möhkəmləndirməklə yanaşı, uzun illərdən bəri doğma yurd-yuvalarına həsrət qalmış vətəndaşlarımızın öz torpaqlarına qovuşması üçün də əlamətdardır. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın fonunda formalaşmış yeni reallıqlar, həm də azad olunmuş rayonlarımıza qayıdışı, bölgənin yeni inkişafını, abadlıq və quruculuq prosesini təmin edəcək. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı möhtərəm Prezidentimiz bildirdi ki, bütün şəhərlərin, kəndlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Artıq Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində ardıcıl fəaliyyətə başlayıb”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərimizin iqtisadi potensialı olduqca yüksəkdir. Bu regionlarda həyatın bərpası, qaçqın və məcburi köçkünlərimizin evlərinə qayıdışı ölkəmizdə kənd təsərrüfatının və digər sahələrin inkişafına müsbət yöndə əhəmiyyətli təsir göstərəcək. Bu isə ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında da böyük rol oynayacaq.

“Cənab Prezident müşavirədə onu da vurğuladı ki, azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri olmalıdır. Nəzərə alsaq ki, azad edilən rayonlarımız hələ sovet dönəmində öz turizm potensialı, tarixi-mədəni abidələri ilə şöhrət qazanmışdı, bu bölgələrin yenidən ölkə iqtisadiyyatında əsaslı yer tutacağına inam böyükdür. Fikrimcə, biz bir neçə ildən sonra Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Laçın kimi rayonlarımızın, Şuşa şəhərinin və digər işğaldan azad edilmiş bölgələrimizin sənaye mərkəzlərinə çevrildiyinin, aqrar sahədə yüksək inkişaf tempi qazandığının şahidi olacağıq”, - deyə təşkilat sədri edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...