Politoloqdan Kazimirova cavab: "Qaliblər mühakimə olunmur" - AÇIQLAMA ÖZƏL

"Rusiyalı diplomat Kazimirovun adı Azərbaycanda siyasətlə məşğul olan və Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları izləyən hər kəsə məlumdur. Zamanında Azərbaycan və Ermənistan arasında atəşkəs barədə razılığı ehtiva edən Bişkək protokolunun imzalanmasında yaxından iştirak edən rusiyalı diplomat "Reqnium" agentliyinin saytında "Uzunmüddətli barışıq müqaviləsinin pozulmasına kim baişkardir" sərlövhəli məqaləsi ilə çıxış edərək keçən ilin noyabrında bölgədə tərəflər arasında başlanmış müharibəyə görə Azərbaycanı təqsirkar bilir, onun prezidenti İlham Əliyevin tökülən qana, müharibənin fəlakətlərinə görə siyasi və mənəvi məsuliyyət daşıdığını iddia edir. Qəribədir, burda deyirlər ki, oğru elə bağırdı ki, doğrunun bağrı çatladı. Münaqişənin tarixini, səbəb və doğurduğu sosial, iqtisadi kataklizmləri, humanitar fəlakətin masştablarını, geosiyasi gedişlərin mahiyyətini gözəl bilən Kazimirov "dəlil və faktlarla" müharibənin əsl baiskarınin İlham Əliyev olduğunu bəyan edir və bu azmış kimi İlham Əliyevin Ümummilli Liderin siyasi kursundan kənar çıxdığını söyləyir. Kazimirovun fikrincə Heydər Əliyev atəşkəsə razılıq verdiyi halda İlham Əliyev onun şərtlərini pozmuş, müharibəyə başlayaraq bölgəni xaos və qarşıdurmaya sürükləmişdi. Qəribə deyilmi?". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, əvvəla Kazimirov Heydər Əliyevin nə üçün atəşkəs barədə razılığa getdiyini bilməmiş deyildi: "Azərbaycanın bu tənəffüsə çox ciddi ehtiyacı var idi, ölkəyə qısa zamanda iqtisadi islahatları keçirmək, dövlətin maliyyə, iqtisadi müstəqilliyini təmin etmək, ordu quruculuğuna vəsaitlər ayırmaq, beynəlxalq investorları ölkəyə cəlb etmək, bütün bunları həyata keçirmək üçün isə siyasi təlatümlər içərisində olan məmləkətdə siyasi sabitliyi təmin etmək lazım idi. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğuru da, dövlətin təhlükəsizliyi də, beynəlxalq aləmdə diplomatiyamızın səmərəli fəaliyyəti də, məhz bu problemlərin uğurlu həllindən asılı idi. Digər tərəfdən Heydər Əliyev də, onun siyasi varisi İlham Əliyev də münaqişənin mövcud olduğu bütün bu dövrdə problemin Azərbaycanın yalnız ərazi bütövlüyü çərçivəsində həllini tapacağını söyləmiş və danışıqlarda məhz bu zəmində razılığın əldə edilməyəcəyi təqdirdə münaqişənin hərbi, yəni güc yolu ilə həll variantından istifadə edəcəklərini də dəfələrlə bəyan ediblər. Kazimirov da daxil olmaqla, Minsk qrupu isə münaqişənin yalnız danışıqlar yolu ilə həllində israrlı olmaqla əslində bütün bu dövr ərzində münaqişənin dondurulmasına çalışırdılar ki, bu da məhz Ermənistan tərəfinin maraqlarına cavab verirdi. Artıq bu gün hərbi əməliyyatların aktiv fazası başa çatdıqdan sonra məlum olur ki, Ermənistan özünün taxıla olan ehtiyaclarının 40%-ni, enerjiyə olan ehtiyacının isə 60%-ni məhz işğal altında olan torpaqlar hesabına təmin edirmiş. İlham Əliyevə ğəlincə isə, o nəinki atası, sabiq Prezidentin siyasi kursundan kənara çıxmış, əksinə torpaqların, xüsusilə mədəniyyətimiz mərkəzi və göz bəbəyi sayılan Şuşanın azad edilməsi ilə bağlı atasının, Azərbaycan siyasətinin patriarxı olan Heydər Əliyevin siyasi vəsiyyətinə əməl etmişdir".

Ekspert bildirib ki, Kazimirov öz dəsti xəttinə sadiq qalaraq prezident İlham Əliyevin guya BMT TŞ-nin münaqişə ilə bağlı məlum qətnamələrinin tələb və prinsiplərinin pozulduğunu iddia edir: "Təəcüblənməmək olmur, məgər bu 4 qətnamənin hər birində erməni tərəfindən işğal altında olan torpaqların azad edilməsi tələb edilmirdimi? Sadəcə, BMT-də, onun Təhlükəsizlik Şurası da öz qətnamələrinə hörmətlə yanaşmamız, onun icrası üçün ortalığa siyasi iradə qoyulmamışdı. Əliyev isə siyasi iradə, əzm və qətiyyət nümayiş etdirmiş, onun Ali Baş Komandan olduğu müzəffər Azərbaycan ordusu məhz BMT TŞ qətnamələrinin icraçısı rolunda çıxış etmişdir. Kazimirov Prezident İlham Əliyevin münaqişənin hərbi yolla çözülməsi üçün münasib vaxt seçdiyini, bütün bu müddət ərzində müharibəyə hazırlaşdığını, Türkiyə ilə məxfi danışıqlar apardığını yazır və bütün bunların atəşkəs barədə razılığın ruhuna və şərtləri ilə bir araya sığmadığını yazır. Əvvəla prezident Əliyev münaqişə ilə bütün açıqlamalarında Azərbaycanın işğal faktı ilə barışmayacağını, danışıqları danışıqlar naminə aparmayacağını bəyan edirdi. Yalnız 5 ildə 2011-2016-ci illər ərzində Rusiyadan 5 milyard dollarlıq silah alanda Kazimirov kimilər nə düşünürlər, bu silahları Rusiyanın hərbi sənaye kompleksinə töhfə vermək üçünmü alırdıq? Bu qədər siyasi sadəlövlükmü olar? Kazimirov sonda Rusiyanın hadisələrin gedişatına müdaxilə edərək ölkəsinin bölgədə öz geosiyasi maraqlarını qorumağından da məmnun qaldığını gizlətmir, biz sübut etdik ki, münaqişənin güc yolu ilə həlli variantı yoxdur, deyir və yenə Azərbaycanın hərbi qələbəsindən sonra regionda yeni qüvvələr balansının yarandığını gözləməzlikdən çıxış edir".

E.Manafov vurğulayıb ki, artıq bölgədə Türkiyə faktorunun mövcudluğunu, onun regioal güc olaraq Azərbaycanın haqq işinin yanında olduğunu həzm edə bilmir, bir məsələdə Kazimirovla razılaşmamaq olmur, Əliyev problemin güc yolu ilə həlli üçün münasib vaxtı dürüst seçmişdi deyəndə və özü də Kazimirov bunu böyük təəssuf hissi ilə deyir: "Dünyada pandemiya ilə bağlı yaranan qarışıqlıq, beynəlxalq birliyin sabahı üçün təşviş, ABŞ-da seçkilər və siyasi istibleşmentdəki qarşıdurma, Rusiya-Ukrayna qarşıdurması, Belarusiyadaki, Moldovadakı, Qırğızıstandakı seçkilərin doğurduğu reallıqlar MDB məkanındakı rəngli inqilabların bu məkanda doğurmuş olduqları təlatümlər, nəhayət müharibəyə hazırlaşan Prezident Əliyevin uğurla apardığı danışıqlar, bu danışıqların nəticəsi olaraq Azərbaycan-Türkiyə-Pakistan tandeminin meydana çıxması, ölkə iqtisadiyyatının müharibənin tələblərinə uyğun olaraq hərbi relslər üzərinə keçirilməsi, ölkə daxilində milli vəhdət və birliyin əldə edilməsi göstərir ki, Vətən müharibəsində qələbə əldə etməyimizin alternativ yolu yoxdur və bu qələbəyə görə, qədirbilən Azərbaycan xalqı bütün tarixi boyunca Prezidenti, Ali Baş Komandanı İlham Əliyevə, bu torpaqların düşmən tapdağından azad olunmasında öz qanı, şücaət və qəhrəmanlığı, mərdliyi ilə tarix yazan Azərbaycan oğullarına daim minnətdar olacaq. Kazimirova gəlincə isə üzünü Sovet diplomatiya məktəbinin, konkret olaraq isə uzun müddət xarici işlər naziri işləmiş A.A.Qromikonun tələbəsi olması ilə fəxr edən bu cənab görünür diplomatiya elminin sirlərinə mükəmməl yiyələnməyib, əgər yiyələnsəydi, Yeltsin Rusiyası ilə müqayisədə Putin dövlət idarəediciliyinin iş üslubunda olan fərqlərin mahiyyətinə vara bilərdi, bunu bacarmayıbsa dolayı yolla heyranlığını gizlədə bilməyən İlham Əliyev diplomatiyasının iş üslubundan və təcrübəsindən bəhrələnə bilər, rus məsəlində deyildiyi kimi, "heç olmamaqdansa, gec olması yenə də yaxşıdır Bir də cənab Kazimirov təcrübəli diplomat kimi bilməmiş deyil ki, tarix qalibləri mühakimə etmir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə