"Moskva bəyanatı Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır" Əhliman Əmiraslanov

“Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi 2020-ci il noyabrın 10-da Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub. 10 noyabr tarixli üçtərəfli bəyanatın videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri, Ermənistanın isə hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, üçtərəfli bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır və o, Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir. Belə ki, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasını, bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir. Bu tarixi məsələnin səmərəli həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə işçi qrup yaradılır. İşçi qrupa bu ilin martın 1-dək avtomobil, dəmir yolu xətlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılıb. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir, bu da çox önəmli nəticədir.

Komitə sədrinin sözlərinə görə, hamıya məlumdur ki, Vətən müharibəsində qazandığımız şanlı Qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpasında ən çox maraqlı olan tərəf Azərbaycandır: “Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdir, tarixdir. Rusiya kimi, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin Moskva bəyanatı ilə yaradılacaq işçi qrupları, həyata keçiriləcək infrastruktur layihələri ancaq dövlətlər arasında icra olunacaq”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...