Əsirlərin “hamının hamıya”prinsipi ilə dəyişdirilməsi - Ermənistanın təklifi

Hərbi əsirlərin mübadiləsi prosesində Ermənistan Azərbaycana “hamının hamıya” prinsipini rəhbər tutmağı təklif edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən informasiya verilib.

İnformasiyada bildirilir ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bu gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkin ilə görüşüb. Qeyd olunur ki, o, Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması və barışıq yaradılmasında əsas rola görə Rusiya tərəfinə təşəkkür edib.

Görüşdə hərbi əsirlərin mübadiləsi, itkin düşənlərin axtarışı və ölən hərbçilərin cəsədləri hərtərəfli müzakirə edilib. Avinyan bu məsələlərin hökumətin gündəmində prioritet olduğunu və prosesi sürətləndirmək üçün hər şeyin edildiyini bildirib. Avinyan qeyd edib ki, erməni tərəfi “hamının hamıya” prinsipini rəhbər tutmağı təklif edir.

Əlavə olaraq, gələcəkdə tərəflərdən birinin bir məhbusu varsa, dərhal və ön şərt olmadan geri qayıdacağı bir mexanizm yaradılması təklif olunur. Səfir Kopırkin isə hərbi əsirlərin, itkin düşənlərin axtarışı və ölənlərin cəsədlərinin Rusiyanın yüksək rəhbərliyinin diqqət mərkəzində olduğunu söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə