Maksim Şevçenko erməni Qabrelyanovu nədə ittiham etdi? ŞOVİNİZM

“Dağlıq Qarabağ Azərbaycan xalqı tərəfindən azad edilib”

“Ermənistan ümumiyyətlə erməni xalqının marağında olmayan müharibəni uduzub. Müharibəsiz daha böyük nəticələr əldə etmək olardı, o cümlədən, sülh yolu ilə Dağlıq Qarabağda indi aldıqları nəticələrdən daha çoxunu əldə etmək olardı”. SİA xəbər verir ki, bu barədə Rusiyanın tanınmış telejurnalisti, ictimai xadimi Maksim Şevşenko “Exo Moskvı”ya danışıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi həll olunub.

“Erməni silahlıları tərəfindən işğala məruz qalmış Dağlıq Qarabağ Azərbaycan xalqı tərəfindən azad edilib. Ona görə problem özü-özlüyündə həll olunub”, deyə qeyd edən rusiyalı xadim həmçinin bildirib ki, ermənilərin saxta iddiaları onlara heç vaxt səmərə gətirə bilməz.

“Qabrelyanovun sosial şəbəkələrdə şovinizmə istiqamətlənmiş təbliğatçılarının “Böyük Tiqran” sərhədləri və müqəddəs imperiya ətrafındakı qlobal erməniçilik iddiaları problemdir və bu problem həll edilməyib”

Şevçenko sadə erməni xalqından fərqli olaraq şovinizmə, ultra-millətçiliyə söykənmiş fəaliyyətləri ilə araqızışdırıcılıq edən, saxta tarixləri ilə hələ də iddialar irəli sürən ermənilərin də olduqlarını bildirib. O, konkret olaraq erməni milyarderi Qabrelyanovu göstərib və Qarabağ probleminin həll olunmasına baxmayaraq, onun kimilərinin problemlərinin ümumiyyətlə həll olunmadıqlarını bildirib. Daha dəqiq desək, rusiyalı ictimai xadim məhz Qabrielyanovun və onun kimi şovinistlərin problemlər çıxardıqlarına işarə edib.

“Ancaq Qabrelyanovun tvitter-kanallarında, yaxud telegram-kanallarında şovinizmə istiqamətlənmiş təbliğatçılarının “Böyük Tiqran” sərhədləri və müqəddəs imperiya ətrafındakı qlobal erməniçilik iddiaları problemdir və düşünürəm ki, bu problem ümumiyyətlə həll edilməyib”, deyən Şevçenko əlavə edib ki, sadə erməni xalqı bu kimi şovinistlərdən fərqlənirlər. “Mən düşünürəm ki, bu erməni xalqının maraqlarında deyil. Erməni xalqının maraqlarında Azərbaycanla, Türkiyə ilə, Rusiya ilə, Gürcüstanla, İranla və başqa dövlətlərlə mehriban qonşuluq, sülh, qarşılıqlı münasibətlər amilləri dayanır”, deyə o qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə