“Erməni diasporu artıq Azərbaycandan qorxur” ÖZƏL-ŞƏRH

“Bəzi məsələlər var ki, bizim formalaşmış düşüncə tərzimizlə onları dərk eləməyi o qədər də mən məqbul hesab eləmirəm. Əslində, Tovuz döyüşləri zamanı Paşinyan özünü və Ermənistanı qalib elan elədi, amma heç də qalib deyil. Yəni, bəlli olur ki, Paşinyanın düşüncəsinə görə Azərbaycan, döyüşə başlayan kimi Yerevana qədər gedib çıxacaq və indi Yerevana gedib çıxmayıbsa, deməli, Ermənistan qalibdir. Amma bu işin hərbi tərəfini qoyuram bir kənara, beynəlxalq aləmdə gedən bütün proseslərdə Azərbaycanın böyük qələbəsi oldu. Yəni, heç bir dövlət Ermənistanı müdafiə eləmədi. Hətta Ermənistanın özünün müttəfiq hesab elədiyi dövlətlər də Ermənistanı müdafiə etmədi. Avropa Parlamentarilərindən, Amerika Konqresmenlərindən bir qrup adam, ayrı-ayrı dövlətlərdən də ayrı-ayrı şəxslər müdafiə elədi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, dövlətlərin hamısının rəyi, belə demək mümkünsə, Ermənistanın ziyanına idi.

“Azərbaycanın ən böyük qələbəsi isə, diaspor məsələsində oldu. Yəni, bütün dünyada azərbaycanlıların ayağa qalxması erməni diasporunu qorxutdu. Paşinyan özünü dərhal qalib elan elədi və bütün dünyada olan ermənilərə müraciət elədi ki, hərbiçilərin sığortalanması fonduna pul yığsınlar, pul göndərsinlər. Amma sonradan bəlli oldu ki, 10-15 gün ərzində ora cəmi 650-700 min dollar pul yığılıb. Yəni, yeri gəlsə, elə şəhərlər var ki, həmin şəhərin erməni diasporunun belə göndərdiyi pul bu məbləğdə ola bilərdi. Bir sözlə, diaspor Paşinyana qulaq asmadı. Bunun səbəbi Paşinyandan diasporun zəhləsinin getməsidir. Yəni, əvvəlcədən diaspor Paşinyanı dəstəklədi, amma sonra diaspor başa düşdü ki, Paşinyan onların dediyi adam deyil və sonradan münasibətləri korlandı. Amma ondan qat-qat vacib məsələ ondan ibarətdir ki, bu diaspor artıq Azərbaycandan qorxur. Azərbaycan hökumətinin apardığı iş nəticəsində dünya dövlətlərinin əksəriyyətində, xüsusən iri dövlətlərdə erməni diasporu nəzarət altındadır. Yəni erməni diasporunun təmsilçiləri, hətta Ermənistana pul köçürməkdən qorxurlar ki, sabah Azərbaycanın tələbi ilə həmin o erməninin yaşadığı dövlət onun bank hesablarını yoxlaya bilər. Yəni, Azərbaycan hökumətinin apardığı iş, xarici ölkələrdəki azərbaycanlıların fəaliyyəti, yeri gəlmişkən bu da elə Azərbaycan hökumətinin gördüyü işlərdən biridir və bu da öz növbəsində o nəticəyə gətirib çıxarıb ki, artıq erməni diasporu Azərbaycandan qorxur, hətta pul köçürə bilmir. Ona görə Paşinyan, belə deyək ki, vurdu o diaspor komissarlığının vacib 11 istiqamət üzrə əməkdaşını və işdən çıxardı, eləcə də diaspor üzrə kamissar Zares Snanyanı təhqir elədi. O mənada Tovuz hərbi döyüşləri qədər Ermənistanın beynəlxalq əlaqələrinə, Ermənistanın erməni diasporu ilə əlaqələrinə zərbə vuran hadisə hələ bu vaxta qədər olmayıb”, deyə Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...