“Operativ Qərargahın təklifi tamamilə doğrudur” RƏY-ÖZƏL

“Koronavirus pandemiyasının başladığı ilk günlərdə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında vaxtında və düzgün addımlar atdı. Əhalinin sağlamlığını qorumaq üçün görülən işlər, müəyyən yaş qrupuna daxil olan insanlara çölə çıxma qadağasının qoyulması, diğər vətəndaşların mənzillərini sms-icazə ilə qısa müddətə tərk etməsi öz bəhrəsini verdi”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, bütün dünya, ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatı vətəndaşları qorumaq üçün prezidentimiz tərəfindən görülən işlərə yüksək qiymət verdi, digər ölkələrə nümunə göstərdi. COVİD-19-a qarşı mübarizədə meydana gələn müsbət tendensiyalar, vətəndaşların münasibəti nəzərə alınaraq karantin rejiminin yumşalması istiqamətində addımlar atıldı: “Sərt karantin rejiminin yumşaldılmasından keçən qısa müddət ərzində koronavirusa yoluxma hallarının kəskin artması hamımızı ciddi şəkildə narahat etməlidir. Çox təəssüf ki, vətəndaşlarımız arasında COVİD-19-un ümumiyyətlə uydurma olduğunu iddia edənlər, infeksiyadan qorunma tədbirlərinə məhəl qoymayanlar kifayət qədərdir. Məhz bu münasibətin nəticəsində son 10 gündə yoluxma və ölüm hallarının artması, sağalan insanlara nisbətən xəstələnənlərin sayında müşahidə edilən təhlükəli tendensiya qəti addımlar atmağı tələb edir”.

A.Səmədov bildirdi ki, operativ qərargahın həftə sonları vətəndaşlara evdən çıxma qadağasının qoyulması barədə təklifi tamamilə doğrudur və hamı tərəfindən dəstəklənməlidir: ”Vətəndaşlarımız özlərinin və doğmalarının sağlamlığını qorumaq üçün tibbi maskalardan istifadə etməli, gigiyena ilə bağlı tələblərə əməl etməlidirlər. Bu baxımdan dövlət rəhbərlərimizin, ilk növbədə Möhtərəm prezidentimizin rəsmi tədbirlərdə belə maska ilə iştirak etməsi hamımıza örnək olmalıdır. Əks halda koronavirusla bağlı son dərəcə təhlükəli tendensiyanın qarşısını almaq mümkün olmayacaq və daha kəskin addımlar atmaq məcburiyyətində qalacağıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...