"Maska istehsalı əhalinin sağlamlığının qorunmasına həssas yanaşmadır" ŞƏRH-ÖZƏL

"Qlobal miqyasda geniş vüsət alan koronovirus hətta iqtisadiyyatı və sənayesi inkişaf etmiş ölkələrin belə tibb avadanlıqları və qorunma vasitələri sarıdan çatışmazlıqlarla üzləşməsi gerçəyini ortaya çıxardı. Dünya ölkələrinin əhalisinin hazırda ən çox ehtiyac duyduğu vasitələrdən biri virusa yoluxma riskini azaldan maskaların əldə edilməsidir. İlk baxışdan xırda məsələ kimi görünən maska problemi hətta dünya dövlətləri arasında gərginliyə belə səbəb olmaqdadır. ABŞ-İtaliya, Almaniya-Avstriya-İsveçrə-Çin, Rusiya, Çexiya-Çin, Slovakiya-Ukrayna arasında maska problemi səbəbindən hətta diplomatik qalmaqallar baş vermişdir. Azərbaycan isə koronovirus pandemiyasına adekvat reaksiya verən ölkələrdən biri oldu. Qonşu İranda yoluxmaların artması Azərbaycan dövlətini hərəkətə keçməyə vadar etdi və qısa müddət ərzində müvafiq tədbirlər görüldü". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, koronavirus pandemiyasının bütün dünyada yayılmasından sonra Azərbaycanda bu sahə ilə bağlı ən böyük problemlərdən biri maska çatışmazlığı ilə bağlı idi: "Bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlər tibbi ləvazimatların və maskaların ixracını yuxarıda da qeyd etdiyimiz kimi qadağan etmişlər. Lakin ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan xalqının sağlamlığının qorunması istiqamətində aparılan işlər, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində, eləcə də sahibkarlığa göstərilən dəstək nəticəsində ölkəmizdə qısa bir müddətdə istehsalı təşkil olundu".

Politoloq söyləyib ki, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: "Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub. Spirt məhsulunun qablaşdırılması və daşınması üçün müxtəlif həcmli qablar da yerli istehsaldır. Hazırda 6 şirkət ölkəmizdə dezinfeksiyaedici məhlullar istehsal edir".

N.Məmmədova vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində haqlı olaraq qeyd edib ki, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb: "Ölkə başçısı vurğuladı ki, bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik".

Politoloq əlavə edib ki, Azərbaycanda tibbi maska, eləcə də dezinfeksiya məhsullarının istehsal olunmasının diqqət mərkəzində saxlanılması Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması məsələsinə xüsusi qayğıkeşliklə və həssaslıqla yanaşmasını bir daha sübut edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...