Millət vəkili çağırış etdi: "Bu məsələyə adi yanaşmayın" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan hər gün yüzlərlə, minlərlərlə insanların öz həyatını itidiyi ölkələr sırasına daxil olmayıbsa, bu vaxtında alınan qabaqlayıcı tədbirlərin sayəsində mümkün olub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Jalə Əliyeva Azərbaycanda koronavirusla əlaqədar elan olunmuş ciddi karantin rejiminə əhali tərəfindən riayət olunmasının labüdlüyündən danışarkən deyib.

O bildirib ki, koronavirusla mübarizə çərçivəsində dövlətimizin, Azərbaycan hökumətinin, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi, birbaşa nəzarəti və tapşırığı ilə həyata keçirilən bütün tədbirlərin daha effektiv, daha yaxşı nəticəsini verməsi üçün hər bir vətəndaşımızdan məsuliyyət və cavabdehlik tələb edən bu məsələyə diqqətli yanaşmasını xahiş edirik:

"Əziz həmvətənlərimiz, əziz vətəndaşlarımız, biz günlərlə bu haqda danışırıq. Bütün mətbuat orqanları, mətbuat qurumları, televiziyalar, əlaqəli şəxslər, hətta ölkənin Birinci xanımı, Birinci vitse-prezidenti Mehriban Əliyeva dəfələrlə müraciət ediblər. Bu müraciətlərin hər birində vətəndaşlarımızın hər birinin həyatından böyük həyacan təbili çalınaraq insanlara xitab edilib. Bu müraciətlərin hər birində Azərbaycan vətəndaşının həyatı, ailəsinin həyatı və gələcəyinin təminatı var. Çox xahiş edirik bu məsələyə adi və sadə məsələ kimi yanaşmayın. Bu çox ciddi bir məsələdir".

Bu gün Azərbaycanın ağır insan itkisi statistikası olan ölkələrin siyahısına daxil olmadığını vurğulayan millət vəkili qeyd edib ki, Azərbaycan hər gün yüzlərlə, minlərlərlə insanların öz həyatını itidiyi ölkələr sırasına daxil olmayıbsa, bu vaxtında alınan qabaqlayıcı tədbirlərin sayəsində mümkün olub:

"Bu dövlətimizin atdığı məqsədyönlü addımlar nəticəsində mümkün olub. Lakin bu xəstəlik, bu virus qadağaları da nəzərə almır. Hər birimizin evimizin qapısını döyə bilər. Artıq bundan sonrası bizim əlimizdədir. Görülən bu tədbirlərdən düzgün nəticə çıxardıb heç olmasa cəmi 2 həftə evimizdə oturmağı bacaraq. Bizim evdə rahat oturmağımız üçün dövlət qurumları ayaq üstündədir. Gecə-gündüz çalışırlar. Həyat əhəmiyyətli təşkilatlar işləyir ki, siz evinizdə otura biləsiz. Çox xahiş edirik ki, özünüzü, ailənizi və ölkəmizi düşünün!".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə