Ruhani istənilən ölkəyə kömək etməyə hazır olduğunu bəyan edib

İran prezidenti Həsən Ruhani ölkəsində yeni növ koronavirusdan ölənlərin sayının 2 minə çatmasına baxmayaraq, Tehranın imkan çatdığı qədər konoranovirusla mübarizədə digər ölkələrə yardım etməyə hazır olduğunu açıqlayıb. SİA-nın xəbərinə görə, bunu İran prezidenti hökumətin iclasında çıxış edərkən deyib.

O digər ölkələrin İrana tibbi maska, lazımi dərman və digər tibb avadanlıqlarla yardım etdiyini söyləyib: "Mümkün olduğu qədər, bizdən kömək istəyən hər hansı bir ölkəyə kömək göstərməyə hazırıq. Özümüz xahiş etdiyimiz ölkələrdən yardım qəbul edirik".

Qeyd edək ki, artıq bir aydan çoxdur İranda koronavirus epidemiyaı yayılıb və demək olar ki, bütün vilayətlərə təsir göstərib. Bu müddət ərzində İran, Azərbaycan, Çin, Rusiya, İngiltərə, Fransa, Almaniya və Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra digər ölkələrdən humanitar yardım alıb. Tehran, ABŞ-ın köməyini rədd edərək, ən yaxşı yardımın onlara qarşı tətbiq olunan sanksiyaların qaldırılması olduğunu bəyan edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, İranda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 25 minə yaxınlaşır ki, bunlardan ən azı 1934 nəfər dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə