Xalq isə, belələrini nəinki iqtidara alternativ, heç hakimiyyətə iddialı olan kiçik zərrə kimi də görmür
Artıq bəlli olduğu kimi, ötən həftənin şənbə günü - yanvarın 19-da radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdikləri mitinq bu düşərgə mənsublarının zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini növbəti dəfə nümayiş etdirmiş oldu. Məhz bu mənada, diqqət çəkən məqamlarda biri də o oldu ki, mitinqdə çıxış edən siyasi müxalifət partiya funksionerləri hələ də köhnə təfəkkür üzərində qalmaqda davam edir, əsasən də,
cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. Əbəs deyil ki, 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Beləliklə, dəyişən heç nə yoxdur, radikallar öz yerlərində addımlamağa, daha dəqiqi isə, bir addım irəli getdiklərini sanarkən, iki addım geriyə doğru getməkdə davam edirlər. Bu reallıq, 100 minlərlə sağalam düşüncəli ictimai rəyin onları qəbul etməməsi ilə bağlı və birbaşa əlaqəsi olan danılmaz sübutudur.
Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan ünsürləri ilə birlikdə təşkil etdiyi ortaq tədbir
Lakin maraqlı məqamlardan biri də budur ki, daim öz “uğurlu fəaliyyətlərini” süniləşdirərək, onu şişirdən, məğlubiyyətlərini məhz belə vasitələrlə gizlətməyə çalışan “birləşmiş müxalifətin” hələ də xalqın onların belə cəhdlərini oyunbazlıq kimi qəbul elədiyini dərk etməmələridir. Məsələ ondadır ki, onların “Məhsul mitinqini” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim etmək cəhdləri də bu sıradandır. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkib. O cümlədən, həmin aksiyada ziyalıların, cəmiyyətdə tanınan şəxslərin iştirakları nəzərə çarpmadı. Onu da qeyd edək ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər, özlərini “siyasi mühacir”, yaxud “dissident” adlandıranlar mitinqə çağırış edirdilər və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.
O cümlədən, AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Əlbəttə ki, bütün bunlar onların siyasətləri deyil, sadəcə, siyasətdən sui-istifadə etdikləri xislətlərinin göstəricisidir.
Xalq onları rədd edib, indi də rədd etməkdədir!
Daha bir nüans, radikal müxalifət başçılarının öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazır olmalarını gizlətməmələridir. Bu, həm də həqiqətdir ki, hələ AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə bu günün radikal müxalifət “liderləri” xalqa qarşı amansız davranışları, müstəqilliyimizin məhv edilməsi istiqamətində fəaliyyət göstəriblər və bu gün də həmin istiqamətdə israrlı olduqlarını göstərirlər. Parlamentdə deputatlar arasında yaşanan küçə davalarından tutmuş, mətbuat işçilərinin döyülmələrinə qədər, eləcə də, alıq-aşkar silah gəzdirən cəbhəçilərin insanlara hədə-qorxu gələrək, reketçilik etmələri, çoxsaylı qətl və cinayət hadisələri - bütün bunlar və digər hadisələr məhz bu gün “Məhsul”da gen-bol “demokratiya” bağıranların hakimiyyətləri bundan artıq deyildi. Görünür, indi də Azərbaycanın həmin dövrlərə qayıtması üçün, xarici qüvvələrin buyruq qullarına çevrilən “liderlər” yenidən öz idbar arzularını reallaşdırmağa can atırlar. Lakin xalq onları rədd edib, indi də rədd etməkdədir.
Əli Kərimli müxalifət funksionerlərini dəfələrlə öz məqsədləri üçün istifadə etdikdən sonra, işlənmiş salfet kimi kənara atıb.
Yeri gəlmişkən, yanvarın 19-da mitinqdən sonra, 20-də isə Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Bu bütövlükdə onu göstərdi ki, həmin ünsürlər normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki bayaq da qeyd edildiyi ki, belələri hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
Ümumiyyətlə, bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Belə olan vəziyyətdə həm də belə bir sual yaranır: Görəsən Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necədir?
Bu sualın cavabı bəsitdir. Sözügedən rəzalət mitinqində beş-üç kəlmə utopiya xəyallarına dalıb, fikir bildirən digər müxalifət partiyalarının funksionerləri də gördülər ki, AXCP sədri onlardan öz dividenti üçün istifadə edir. Hətta deyərdik ki, ötən 25 ildə Əli Kərimli müxalifət funksionerlərini dəfələrlə öz məqsədləri üçün istifadə etdikdən sonra, işlənmiş salfet kimi kənara atıb. Bu dəfə də belə oldu – Əli Kərimli mitinqin təşkilatçılığından tutmuş bütün məsələləri təkbaşına (?!) yönəltdiyini iddia edərək, elə mitinqin gedişindəcə, öz iddialarını müxalifət funksionerlərinin üzlərinə vurdu. Bu, o demək idi ki, “sizlər mənim üçün yalnız istifadə etmək üçün lazımsınız”. Məhz bu amilin özü düşərgədəki xaotik vəziyyətin nə dərəcədə olduğunu kifayət qədər sübut etməkdədir.
Özləri də olmasa, xalq-hakimiyyət birliyinin sarsılmazlığı belələrini o məzara göməcək, mütləq göməcək!
Bu gün cəmiyyət - ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, gənc nəsil bu reallıqları bilməli, unutmamalı və dağıdıcı qrupların iddialarına lazımi reaksiya verməlidir ki, dövlətin əleyhinə çıxanlar öz hədlərini aşmasınlar.
Ancaq daha bir məsələ budur ki, Azərbaycanda gedən uğurlu islahatlar, o cümlədən, Prezident İlham Əliyevin rüşvət və korrupsiya ilə mübarizəni gücləndirməsi, bütövlükdə isə, sistem xarakterli islahatlarının miqyasınının genişləndirilməsi, habelə, Azərbaycanın idarəetmə fəlsəfəsi daha mükəmməl istiqamətdə dəyişməsi özlərini dövlət başçısına opponent hesab edənləri daha da aqressivləşir. Onların mütəşəkkil şəkildə müqavimət göstərmək cəhdləri də məhz ölkəmizin dayanıqlı, dinamik inkişafından doğan narahatlıq kimi başa düşülür.
Eləcə də, Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi nədir? Əlbəttə, onlar belə tapşırıq alırlar və canla-başla onu icra edirlər.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, yanvarın 19-20 yanvarda baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.
Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu guya hakimiyyətin qorxması və ya geri çəkilməsi kimi qələmə versin. Bu zaman sual oluna bilər, hakimityyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və nəyə görə çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər? Əlbəttə ki, dövlətin və Prezidentinin ətrafında sıx birləşən xalq ordusu heç vaxt belə düşünə bilməz. Əslində, xalq belələrini nəinki iqtidara alternativ, heç hakimiyyətə iddialı olan kiçik zərrə kimi də görmür. Bu cür müxalifətin yeri isə yalnız siyasi məzarlıqdır ki, artıq onların bu məzarları uzun illərdir ki, qazılıb. Sadəcə, Əli Kərimli və ətrafı, yan-yörəsi siyasi ölümləri ilə barışmaq istəyində deyillər. Amma əvvəl, ya da axır, özləri də olmasa, xalq-hakimiyyət birliyinin sarsılmazlığı belələrini o məzara göməcək, mütləq göməcək!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə