Son günlər dünya ictimaiyyəti İraqın şimalında və İspaniya Krallığında olmaqla "müstəqillik"lə bağlı iki "referendum"un şahidi olub. Yerli hökumətin təşəbbüsü ilə İraqın şimalında keçirilən referendumu rəsmi Bağdad, Türkiyə, İran, ABŞ, Britaniya, Rusiya, Fransa, Avropa İttifaqı, "qanunsuz, İraq konstitusiyasına zidd addım" hesab edir və tanımır. Eləcə də, İspaniyanın baş naziri Mariano Rahoy İspaniya Krallığında keçirilən "siyasi aksiya"nın nəticələrinin Konstitusiya Məhkəməsində ləğv ediləcəyini bildirir və mərkəzi hakimiyyət bu "referendum"u qanunazidd sayır.

Şimali İraqdakı kürd muxtariyyətinin keçirdiyi "referendum"a biganə münasibət sərgiləyən Qərb bundan bir həftə sonra İspaniyanın Kataloniya bölgəsindəki "referendum"a eyni münasibəti göstərmədi. Daha doğrusu, rəsmi Madrid ərazi bütövlüyünün pozulması ilə barışmayaraq, sərt addımlar atmağa məcbur idi. Əhalisi 7 milyon yarımdan çox olan, təxminən 200 milyard ABŞ dolları olmaqla, gəlirləri bütün İspaniya ÜDM-nin dörddə birini təşkil edən zəngin regionun, yəni Kataloniyanın ayrılmasına, digər tərəfdən, ərazi bütovlüyünün, sərhədlərinin pozulmasına razı olmayan İspaniya hökümətinin polislə və xüsusi təyinatlılarla aksiyaya müdaxilə etməsi, toqquşmalarda 12 polis əməkdaşının, 900-dən artıq adamın xəsarət alması bu parçalanmaya heç zaman imkan verilməyəcəyindən xəbər verir. ABŞ və Avropa İttifaqı "referendum"un nətcələrinə hələ də münasibət bildirməsə də, bu referendumun ölkə konstitusiyası və Avropa qanunlarına zidd olduğunu bəyan edən Avropa Parlamentinin sədri Antonio Tayanın narahatçılığı, və ümumilikdə, Qərbin təşviş içində olması başa düşüləndir. Tarixi Kataloniya İspaniyadakı muxtar əyalət və Fransadakı Şərqi Pireney Departamentindən ibarətdir. Bundan başqa, kataloniyalılar Fransanın Kataloniya əyalətinə birləşən ərazilərini "Şimali Kataloniya" adlandırırlar və bu aksiya dalğasının, hətta bununla bitəcəyi belə şübhə doğurur.

İspaniyada Basklar da müstəqil olmaq iddiası ilə çıxış edə bilərlər

İspaniyada yerləşən digər bir muxtar ərazi - basklar da bir çox məsələlərdə İspaniyaya tabe deyillər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil, Bask Muxtariyyətinin büdcəsinə gedir. Basklar euskaldunaklarla birgə İspaniya ilə yanaşı, Fransanın cənub-qərbində yaşayır. İspaniyada 2,8 milyon nəfərədək, Fransada 250 min nəfərədək, ABŞ-da 6,9 min, Meksikada 20 min insan Bask dilində danışır. Eyni dil qrupuna daxil olan insanların bir yerdə toplaşmaq və aksiya təşkil etmək niyyətində olmayacağını da qabaqcadan demək olmaz. Hətta Aralıq dənizinin şimalında yerləşən korsikalılar da "ayrılmaq" istəyənlər sırasındadır.

Göründüyü kimi, Avropada təkcə İspaniya daxilində bir neçə muxtar ərazi var ki, onlar müstəqillik, müstəqil dövlət qurmaq arzusunda, niyyətindədirlər və hətta bunu gizlətmirlər də. Belə məlum olur ki, bu muxtar vilayətlər, hətta etnik qruplar belə bir-birinin ardınca baş qaldıracaq və öz müstəqilliyini tələb edəcək. Görünür, təkcə İspaniyanın xəritəsi hələ bundan sonra bir neçə dəfə dəyişdirilə bilər.

İspaniyadan öncə Belçikadakı flamandlar da bu monarxiyanın tərkibindən çıxmaq istədiklərini bildirmişdilər və bir neçə il əvvəl Belçikada hökumət böhranı bununla əlaqəli idi. Flamandlar Belçikanın 5 şimal əyalətində yaşayırlar ki, bu da Belçika ərazisinin 44,29 faizi deməkdir. Fransanın şimalında 250 min flamand var. Hətta Niderland Krallığında da flamandların sayı az deyil. Bu da, onu deməyə əsas verir ki, Belçikada, Fransada və Niderland Krallığında da bu kimi aksiyaların olacağı hər zaman gözləniləndir.

Kataloniyadakı referendum Avropanın sabitliyini pozacaq

Rusiyalı siyasi ekspert Pavel Klaçkov Kataloniyadakı referendumun nəticələrinin bir sıra Avropa ölkələrinin siyasi sabitliyinə ciddi təsir göstərə biləcəyini qeyd edərək, rəsmi Madridin öz resurslarından, Avropanın və dünyanın bir sıra ölkələrinin dəstəyindən istifadə etməklə,

katalonların arzusuna qarşı özünü olduqca sərt və qətiyyətli aparacağını bildirir. Çünki Avropa ölkələri Kataloniyanın müstəqilliyindən qorxur və bunun Avropa məkanında "domino effekti" yaradacağından, eyni zamanda, bəzi ölkələrdə siyasi qeyri-sabitliyə səbəb olacağından ehtiyat edir.

Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərilməsi öz fəsadlarını elə Avropada verməyə başladı. İşğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış edən Qərb öz içindən parçalanmağa başladı. Kataloniyanın timsalında parçalanma meyilləri Avropanın mərkəzinə qədər irəlilədi. Başqa sözlə, İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması, məhz ikili standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür. Belə ki, hazırda beynəlxalq siyasi proseslərdə müşahidə etdiyimiz xaosun günahkarları bəllidir və bir vaxtlar qonşu dövlətlərdə separatçılığa dəstək verənlər sabah özləri də separatizmlə üz-üzə qalacaqlarını bilməli idilər.

Digər ölkələrin ərazilərində dövlətin ərazisini zorakılıqla, silahlı yollarla qan tökərək parçalamağa çalışanlara qarşı qanuni tədbirlər görüləndə, bunu antidemokratik, insan hüquqlarını pozulması kimi qiymətləndirənlər, baş qaldıran separatçılığı "millətlərin öz müqəddəratını təyinetmə prinsipi" adı altında dəstəkləyənlər, necə olur ki, Kataloniyada referenduma qarşı çıxırlar, səsvermədə iştirak edənlərə qarşı zorakılıq tətbiq edirlər, onlar rezin güllə atəşinə tutur, atların döşünə qatıb əzişdirir, seçki məntəqələrini bağlayır və bütün bu hərəkətlərini demokratiya adlandırırlar? Uzun illər ərzində Dağlıq Qarabağ problemini dinc yolla, oradakı ermənilərin maraqlarını nəzərə almaqla həll etməyi tovsiyyə edənlər Kataloniyaya qoşun yeritdi, seçki qutularını məhv etdilər və dinc əhali ilə toqquşmalar baş verdi. Təkcə bu fakt ikili yanaşmanın əyani sübutudur.

Avropa indi anlayır ki, Azərbaycana qarşı bu illər ərzində nə qədər haqsızlıq edilib

Maraqlısı budur ki, müstəqil olmaq istəyənlər Avropanın aparıcı dövlətlərinin vətəndaşlarıdır və ən gülünc olanı isə həmin dövlətlərin başqa ölkələrdə separatçılıq meyillərini dəstəkləməsidir. Bunun ən aşkar nümunəsi isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdir ki, məhz İspaniya, Britaniya, Belçika, Niderland, Fransa və başqaları Azərbaycanın ərazisinin işğal olunduğunu pisləyərək, separatçılara qarşı indiyədək heç bir sanksiya tətbiq etməyiblər. Bu sayaq susqunluqla dünyanın aparıcı dövlətləri beynəlxalq miqyasda separatçılıq hərəkatına dəstək verirlər.

Təbii ki, 25 ildir işğal faktı ilə yanaşı, separatçılıqla üz-üzə qalmış Azərbaycan İspaniyanı yaxşı başa düşür. Daha doğrusu, ərazi bütövlüyü məsələsində rəsmi Bakını işğalçı və separtçılarla eyni tərəziyə qoyan Avropa, indi anlayır ki, Azərbaycana qarşı bu illər ərzində nə qədər haqsızlıq edilib. Avropada separatçılığı dəstəkləyənlər anladılar ki, əgər kimsə "DQR"-i dəstəkləsə, biz də Qərbdəki separatçılığı dəstəkləyə bilərik. Biz illərdir ərazi bütövlüyünə qarşı təcavüzün cinayət olduğunu onların diqqətinə çatdıraraq, ölkənin süverenliyinin əsas götürülməli olduğunu bəyan etsək də, bunu onlara başa sala bilmirdik. Separatism hadisəsi öz başlarına gələndə, məcburdurlar ki, separatçılığın nə olduğunu, sonrakı mərhələdə həmin "silah"ın ən azından, özlərinə qarşı çevriləcəyini anlasınlar.

Kataloniya hadisəsinə qədər ərazi bütövlüyü məsələsində Azərbaycanı sülh danışıqları ilə problemi həll etməyə çağıranlar, indi başa düşürlər ki, separatizmə "yaşıl işıq" yandırmaq olmaz. Azərbaycana qarşı sərgilənən mövqe ikili standartlardan irəli gəlir. Ölkəmizin apardığı müstəqil və balanslı siyasət Avropa millətçiləri, ermənipərəst və anti-Azərbaycan qüvvələrin xoşuna gəlmədiyi üçün, ölkəmizin yürütdüyü siyasət onları razı sala bilmədiyi üçün, məhz ikili standartlı yanaşmaları ortaya qoyanlar bunun bir zaman onların özlərinə bumeranq effekti ilə dönəcəyini gec-tez anlamalı idilər. Vaxtilə Dağlıq Qarabağ münaqişəsində həmin ölkələrin separatçı və işğalçı ermənilərin başlarını sığallamaları və de-fakto dəstəkləməsi onların özlərinə çox baha

başa gəlir və dünyanın heç bir ölkəsində, hər hansı regionda yaşayan etnik qrupun birtərəfli qaydada referendum keçirməsinin konstitusiyaya zidd olduğunu anlamaq zorundadırlar.

Faktlar sübut edir ki, beynəlxalq birlik dünyanın ayrı-ayrı yerlərində oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirməklə, işğal faktını kəskin qınanmaqla yanaşı, problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib-hazırlanır və qısa zamanda tətbiq edilir. Təəssüf ki, Azərbaycana qarşı ikili standartlar fonunda proseslərə passiv yanaşma, ədalətsiz mövqe müşahidə olunur və beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlamaq çətindir.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə