Azərbaycanda dövlət sərhəddini pozan 29 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilib və avqust ayı ərzində aşağıdakı nəticələr əldə olunub. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, dövlət sərhədini pozduqları üçün 16 halda 29 nəfər saxlanılıb. Tutulan sərhəd pozucularının 11 nəfəri Azərbaycan, hər ölkədən 4 nəfər olmaqla İran İslam Respublikası, Gürcüstan, Əfqanıstan, 3 nəfəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Qırğızıstan vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozduğuna görə 36 halda 80 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Axtarışda olan 79 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 15 halda 8 kiloqram 378,4 qram narkotik maddə aşkar edilərək götürülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 68 halda ümumi dəyəri təqribən 264 min manat olan qaçaqmal, o cümlədən bir ədəd 9 mm-lik tapança, 1 ədəd tapança darağı, 3 ədəd tapança patronu, 1 ədəd 16 mm-lik təklülə tüfəng, 3 ədəd beşbarmaq, 3 ədəd xəncər, 53900 ABŞ valyutası, 1 ədəd xalça, 313 ədəd mobil telefon, mobil telefonlar üçün 542 ədəd aksesuar, 1221 qutu siqaret, 14 ədəd DVD, 1144 ədəd dərman preparatları çoxsaylı müxtəlif spirtli içkilər və digər sənaye malları saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə