Qafqaz Müsəlmanları İdarəsi ABŞ-da Qurani-Kərimin təhqir edilməsi barədə məlumatlara münasibətini açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ-da Qurani-Kərimin təhqir edilməsi barədə məlumatlara münasibətini açıqlayıb. SİA-nın məlumatına görə, idarənin yaydığı açıqlamada bildirilir ki, İslamın müqəddəs kitabı Qurani-Kərimin təhqir edilməsi, ondan tonqal qalanacağı təhdidi ilə bağlı yayılan xəbərlər hədsiz narahatlıq və hiddət doğurur.

"Səmavi kitabların sonuncusu olan Qurana belə bir təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin ardıcıl müdafiəçisi qismində çıxış edən bir ölkədə nümayiş etdirilməsi olduqca acınacaqlı və fəsadlıdır. Belə ki, demokratiya pərdəsi altında çirkin, insanlıqdan uzaq hərəkətlərin baş verməsi demokratiya adına ləkədir və ondan sui-istifadədən başqa bir şey deyil. Belə bir hadisə heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirməz.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, həqiqi din xadimlərinin dünyada dinlərarası dialoq və əməkdaşlıq sahəsində real nəticələr əldə etmək yönündə böyük səylər göstərdiyi bir vaxtda etiqad etdiyi dinin daxilində də təfriqə salan üzdəniraqlar tərəfindən törədilən təxribat 2001-ci il 11 sentyabr terror hadisəsini mübarək İslam dini ilə bağlamağa cəhd edənlərin iflasından sonra islamafobiya dalğasını yenidən qabartmağa xidmət məramı daşıyır", – deyə açıqlamada bildirilir.

Qafqaz Müsəlmanları İdarəsi milyonlarla müsəlmanın heysiyyətinə toxunan bu hadisəyə qəti etirazını bildirir: "ABŞ dövlətinin rəhbərliyi və cəmiyyətini, milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün dünya ictimaiyyətini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını birgə səylərlə almağa çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə