Əkbər Qoşalı: “Terror aktlarının səngimək bilməməsinin səbəbləri var” AÇIQLAMA

"Dünyada terror aktlarının səngimək bilməməsinin bir neçə səbəbi vardır. Bunun ilk səbəbi bəzi böyük dövlətlərin, uluslararası güclərin ikili standartları ilə bağlıdır. – Örnəyi, Azərbaycana, Türkiyəyə qarşı terroru görməzdən gəlib, özlərinin terrora uğramayacağını düşünənlər, məsələyə baxışlarını kökündən dəyişməlidir". Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, terrorun sınırı, milliyəti, "səninki", "mənimki"si yoxdur – bu mövzuda səmimi dialoq, ciddi anlaşma olmalıdır – bütün dövlətlər terrora qarşı durmalıdır: "Olmazsa, özünə rəqib gördüyü, bəyənmədiyi – "həzm edə bilmədiyi" dövlətə qarşı terror törədənləri ərkələyənlər özləri mütləq terrorun soyuq üzünü görəcək. ASALA-ya, PKK-ya və başqa dünən, bugün loyal münasibət bəsləyənlər, terror qruplaşmaları üzərindən oyun oynayanlar, bu dəhşət öz qapılarını çalıncasa, ayılsınlar barı..!

İkincisi, hər ölkənin ucqarına, dünyanın hər yerinə kitab getməlidir, təhsil getməlidir, maarifçilik aparılmalıdır – özəlliklə, sağlam din təhsili təşkil edilməlidir – yoxsa, cahillərlə sağlam dünya qurmaq mümkün deyil.

Ölüm ölüm gətirir! – Adamların "yaradılanı sev, yaradandan ötəri" fəlsəfəsinə yiyələnməsi – Tanrını unutmaması lazımdır, ölümün çıxış yolu olduğunu anlaması lazımdır. Bu isə bütün dövlətlərdə, BMT-nin xətti ilə razılaşdırılmış fənnin tədrisini yaxud uyğun fənlərdə bir sıra mövzuların işlənməsini, habelə hansı ölkədəki dərsliklərdə terrorçunun, necə deyərlər, dövlət səviyyəsində təbliğatı aparılır, ona heykəl qoyulur, adına küçə, park... verilirsə, o ölkəyə qarşı sanksiya tətbiq edilməsini zəruri edə bilər. – Bax, hələlik belə bir razılaşmanın olmaması terrorla bağlı üçünücü səbəb kimi göstərilə bilər.

Bizlərin terrordan əziyyət çəkən, görkəmli insanları terror qurbanı olan bir ölkənin vətəndaşları olaraq, bu mövzuya həssas münasibətimiz başa düşüləndir. Antiterror təbliğatında Azərbaycan yazarları, QHT, KİV təmsilçiləri öz töhfələri seçilməlidir deyə düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə