Politoloq: “Hiss olunur ki, Türkiyədə referendum baş tutacaq”. AÇIQLAMA

"Türkiyə beynəlxalq səviyyədə Azərbaycanı dəstəkləyən birinci dövlətdir. Orada baş verən hər hansı proses Azərbaycana da təsir edir. Türkiyə bizim hərtərəfli tərəfdaşımızdır". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

O, Türkiyədə keçiriləcək referendumda nəzərdə tutulan dəyişikliklər haqqında danışıb: "Referendumda konsitutisiyanın 15-dən çox maddəsində dəyişikliklər nəzərdə tutulub.1923-cü ildə Türkiyə dövləti yaranandan idarəedici orqan parlament olub. 550 nəfər bütün Türkiyənin regionlarından, rayonlarından, bölgələrindən seçilərək dövlətin idarəsi, veto hüququ və müxtəlif məsələlərdə iştirak edir. Prezidentin seçilməsində də Böyük Millət Məclisinin rolu böyükdür. 2007-ci ildə hətta prezident seçkilərində parlament elə addım atdı ki, o prezident seçilmədi. Bu baxımdan referendumda konstitusiyada müəyyən dəyişikliklər etməklə prezident idarəçilik sisteminə keçmək nəzərdə tutulur. Bu sistemdə prezident xalq tərəfindən seçiləndən sonra artıq parlamentdə onun təsdiqinə ehtiyac qalmır. Baş nazirlik institutu isə ləğv olunur. Onun əvəzinə vitse-prezident olur. Vitse-prezident prezidentin verdiyi tapşırıq və əmrlərin yerlərdə yerinə yetirilməsini təmin edir. Bütün qanunlara veto qoyan əsas səlahiyyətli nümayəndə məhz prezidentin özü olur. Parlamentdə deputatların sayı 550-dən 600 nəfərə qaldırılır və onların artıq öz funksiyaları olur".

Politoloq bildirib ki, Türkiyədə referendumun baş tutacağı aparılan təbliğat və təşviqat işlərindən hiss olunur: "Aparıcı partiya kimi, AK partiya fikirlərini irəli sürüb və müəyyən qərarlar qəbul edib. CHP və HDP isə bu proseslə razılaşmırlar. Onların da təbii ki, öz maraqları var. Ancaq MHP AK partiyanı dəstəkləyir və ona görə də referendumun keçirilməsinə razılıq verilib. Təbliğat və təşviqat prosesindən hiss olunur ki, Türkiyədə referendum baş tutacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə