Rəsul Quliyev: "Mən Rüstəm müəllimin yerinə olsaydım, heç fəxri sədr olmağa razılıq verməzdim..."

Milli Şurada baş verən son proseslər eks-spiker, ACP-nin keçmiş lideri Rəsul Quliyev tərəfindən ilginc məqamlarla dəyərləndirilib. SİA-nın məlumatına görə, R.Quliyev bildirib ki, əgər ona fəxri sədrlik postu təklif edilsəydi, bununla razılaşmazdı: "Mən Rüstəm müəllimin yerinə olsaydım, heç fəxri sədr olmağa razılıq verməzdim..."

Müxalifətin güclü və zəiflərə bölündüyünü deyən eks-spiker düşərgənin xəstəliyə bulaşdığını bildirib: "Bizim müxalifətdə bir çoxları bu mərəzlə xəstələnib və müalicə olunmaq fikirləri yoxdur. Kimlərinsə bu isterik hərəkətləri Rüstəm müəllimi əsəbiləşdirdi və nəhayət uşaq-muşağa baş qoşmamaq qərarına gəldi. Ən böyük paradoks Rüstəm müəllimin dostu, qardaşı Cəmil müəllim "Rüstəm müəllim fəxri sədr deyilsə (bu onun təklifi idi) mən sədr qala bilmərəm" demək əvəzinə, "nə olsun, o, Milli Şuranın üzvü kimi fəaliyyət göstərəcək" deyə elan etdi".

Müsavat Partiyasını ittiham edən R.Quliyev baş verən son proseslərdə AXCP-nin də günahlarının olduğunu iddia edib: "Mən bilən Müsavat yaranandan bu günə qədər ancaq məğlub olur...Əlbəttə, müsavatsız da Rüstəm müəllim fəaliyyətini davam etdirə bilərdi, ancaq kiminlə? Milli Şura Xalq Cəbhəsi Partiyasının zəif bir filialıdır. Bu filialda fəaliyyəti nəzərdə tutursunuzsa, şəxsən mən ona məsləhət görməzdim".

Qarşıdan glən illərdə də müxalifətin perspektivsiz qurum olacağını iddia edən eks-spiker bildirib ki, düşərgə liderləri növbəti məğlubiyyətlərə hazırlaşırlar: "İndi arenada olan müxalifət üçün yeganə bir proqnoz ola bilər. Təntənə ilə növbəti məğlubiyyətə hazırlaşmaq".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə