Bahar Muradova: “Münaqişənin həllinə təsir göstərəcək bir neçə amillər var”

"Türkiyənin yürütdüyü siyasət, açıqladığı rəsmi mövqe, ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan ərazilərindən qoşunların çıxarılması və işğal olunmuş ərazilərin azad olunmasından başlayır. Ona görə də, bu təmaslara normal baxıram və bəzilərinin "Türkiyə-Ermənistan münasibətləri olmasın" fikirlərini bölüşmürəm". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanla təmaslara başlamasına dair məsələyə münasibət bildirərkən deyib.

B.Muradova bu təmasların olmamasını hesab edənlərin əksinə hesab edir ki, danışmamaqdansa, danışmaq, qarşılıqlı səfər etməyi və ortada olan problemli məsələlərin aradan qaldırmağın yolunu birgə düşünməyi, hər tərəfin mövqeyini öyrənməyə böyük ehtiyac olduğunu deyib: "Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək bir neçə amillər var. Bunu vasitəçilər, müşahidəçilər və analitiklər də hər zaman qeyd edirlər. Bunların arasında əhəmiyyətli yerlərdən birini Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri tutur. Əlbəttə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını hədəf kimi seçənlər bunun Azərbaycan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərindən keçdiyini hər zaman gözə almalıdırlar. Bu nəzərə alınmadığı təqdirdə isə hər hansı bir layihə fiaskoya uğrayır. Bu mənada mən bu münasibətləri təsirli vasitə hesab edirəm. Bu gün Türkiyə-Ermənistan münasibətlərinin qarşıdakı 2015-ci ili hədəf götürərək normallaşmasını istəyənlər, əlbəttə ki, bu amilə də təsir göstərəcək biləcək hərəkətləri paralel aparmalıdırlar. Belə olmadığı təqdirdə, yenə də Türkiyə-Ermənistan münasibətlərinin normalaşacağına az ümid edirəm".

B.Muradova qeyd edib ki, Ə.Davudoğlunun səfərində də Qarabağ məsələsi gündəmdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə